Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | ADA Universitetində Azərbaycan-Rusiya Universitetlərarası Forumu keçirilir
ADA Universitetində Azərbaycan-Rusiya Universitetlərarası Forumu keçirilir

Noyabrın 19-da "ADA" Universitetində Azərbaycan-Rusiya Universitetlərarası Forumunun açılışı oldu. İki ölkənin aparıcı universitetlərinin rektorlarının və tanınmış elm xadimlərinin iştirak etdiyi Forum Azərbaycan Respublikası Təhsil Nazirliyinin və Rusiya Federasiyası Təhsil və Elm Nazirliyinin təşkilatı dəstəyi ilə keçirilir.
"ADA" Universitetinin rektoru Hafiz Paşayev tədbiri açaraq iştirakçıları salamladı və bu forumun keçirilməsinə göstərilən köməyə görə Rusiya nümayəndə heyətinə minnətdarlığını bildirdi. O, tədbir iştirakçılarının diqqətinə çatdırdı ki, Azərbaycan və Rusiya təhsil nazirliklərinin təşəbbüsü ilə noyabrın 20-də Rusiya və Azərbaycan Ali Məktəbləri Assosiasiyasının yaradılması haqqında Memorandum imzalanacaq. Rektor bu sənədin əhəmiyyətini vurğulayaraq qeyd etdi ki, həmin Memorandum iki ölkənin aparıcı universitetlərinin əməkdaşlığı tarixində yeni səhifə açacaqdır.
Sumqayıt Dövlət Universitetinin rektoru, professor Elxan Hüseynov bildirdi ki, sürətlə modernləşən Azərbaycan Respublikasında təhsil sisteminin insan kapitalının inkişafı çağırışlarına cavab verməsi istiqamətində yeni addımlar atılır, ümumi təhsilin keyfiyyət göstəricilərinin Avropa standartlarına uyğunlaşdırılır, təhsilin normativ hüquqi bazası təkmilləşdirilir, maddi-texniki təminatı istiqamətində Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin sərəncamları əsasında geniş tədbirlər həyata keçirilir.
Forumun işini yüksək qiymətləndirən rektor vurğuladı ki, bu cür tədbirlər Azərbaycan və Rusiya ali məktəblərinin rektorluqları arasında qarşılıqlı münasibətlərin və dostluq əlaqələrinin möhkəmlənməsində böyük rol oynayır, çünki bu forumda bir sıra mühüm məsələlər müzakirə edilir, təcrübə mübadiləsi, müxtəlif mövzularda diskussiyalar aparılır.
Ufa Dövlət Neft-Texniki Universitetinin rektoru Ramil Baxtizin Azərbaycanın elm və texnikanın inkişafındakı rolunu yüksək qiymətləndirərək gələcəkdə hər iki təhsil ocaqları arasında əlaqələrin daha da genişləndirilməsinin əhəmiyyətini xüsusilə qeyd etdi. Bildirdi ki, Azərbaycan dövləti hər bir sahədə olduğu kimi təhsil sahəsinə də xüsusi önəm verir. Azərbaycanda təhsil alan gənclər dünyanın müxtəlif ölkələrində peşəkar kadr kimi özlərini doğrultmuşlar.
Rektor Rusiya və Azərbaycan Ali Məktəbləri Assosiasiyasının işini uğurla davam etdirəcəyinə əminliyini vurğuladı.
Sonra Azərbaycan və Rusiya Universitetlərinin rektorları təhsil, elm və texnologiyalar sahəsində Rusiya-Azərbaycan əlaqələrinin inkişafı mövzusunda məruzələrlə çıxış etdilər.
Onu da qeyd edək ki, forum iki gün davam edəcəkdir.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az