Əsas səhifə | Xəbərlər | Sumqayıt Dövlət Universiteti ilə Ufa Dövlət Neft Texniki Universiteti və Samara Dövlət Texniki Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalandı
Sumqayıt Dövlət Universiteti ilə Ufa Dövlət Neft Texniki Universiteti və Samara Dövlət Texniki Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalandı

Noyabrın 19-da Azərbaycan-Rusiya Universitetlərarası Forumunun açılışı oldu. İki ölkənin aparıcı universitetlərinin rektorlarının və tanınmış elm xadimlərinin iştirak etdiyi Forum Azərbaycan Respublikası Təhsil Nazirliyinin və Rusiya Federasiyası Təhsil və Elm Nazirliyinin təşkilatı dəstəyi ilə keçirildi.
Sonra Ufa Dövlət Neft Texniki Universitetinin rektoru Ramil Baxtizin, Samara Dövlət Texniki Universitetinin rektoru Dmitriy Bıkov və layihənin rəhbəri, professor Mariya Dülyasovanın rəhbərlik etdiyi nümayəndə heyəti Sumqayıt Dövlət Universitetində qonaq oldular.
Nümayəndə heyəti universitetin rektoru Elxan Hüseynovla dəyirmi masa ətrafında elmin, təhsilin inkişafına dair birgə əməkdaşlığın qarşılıqlı faydaları və perspektivləri barədə fikir mübadiləsi apardılar.Universitetin Heydər Əliyev Mərkəzində Ulu Öndərin uşaqlıq, yeniyetməlik, tələbəlik, Dövlət Təhlükəsizlik Komitəsində işlədiyi dövr, hakimiyyətdə olduğu illəri əks etdirən fotolar qonaqların marağına səbəb oldu.
Rektor qonaqları universitetimizdə gördüyünə məmnun olduğunu bildirdi və ali məktəbin yaranma tarixi, onun fəaliyyət istiqamətləri, həyata keçirdiyi beynəlxalq proqram və layihələr barədə qonaqlara məlumat verdi.
Professor Elxan Hüseynov bildirdi ki, sürətlə modernləşən Azərbaycan Respublikasında təhsil sisteminin insan kapitalının inkişafı çağırışlarına cavab verməsi istiqamətində yeni addımlar atılır, ümumi təhsilin keyfiyyət göstəricilərinin Avropa standartlarına uyğunlaşdırılır, təhsilin normativ hüquqi bazası təkmilləşdirilir, maddi-texniki təminatı istiqamətində Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin sərəncamları əsasında geniş tədbirlər həyata keçirilir.
Rektor qeyd etdi ki, yüksək səviyyəli peşəkar kadrlar ölkənin intellektual potensialının əsasıdır. Sumqayıt Dövlət Universiteti də tədrisin stimulunu artırmaq, tələbələrin bilik səviyyəsini, dünya əmək bazarına çıxa biləcək kadr hazırlamaq məqsədi ilə mühüm addımlar atır, Azərbaycanın təhsil sisteminin təkmilləşdirilməsinə və inkişafına öz töhfəsini verir.
Həmçinin, forumun işini yüksək qiymətləndirən rektor vurğuladı ki, bu cür tədbirlər Azərbaycan və Rusiya ali məktəblərinin rektorluqları arasında qarşılıqlı münasibətlərin və dostluq əlaqələrinin möhkəmlənməsində böyük rol oynayır, çünki bu forumda bir sıra mühüm məsələlər müzakirə edilir, təcrübə mübadiləsi, müxtəlif mövzularda diskussiyalar aparılır.
Görüşdə Ufa Dövlət Neft Texniki Universitetinin rektoru Ramil Baxtizin Azərbaycanda, xüsusilə də SDU-da qonaq olduğundan məmnun olduğunu bildirdi, rəhbərlik etdiyi universitet haqqında ətraflı məlumat verdi. SDU-nun Azərbaycanda elm və texnikanın inkişafındakı rolunu yüksək qiymətləndirərək gələcəkdə hər iki təhsil ocaqları arasında əlaqələrin daha da genişləndirilməsinin əhəmiyyətini xüsusilə qeyd etdi.
Samara Dövlət Texniki Universitetinin rektoru Dmitriy Bıkov və layihənin rəhbəri, professor Mariya Dülyasovanın belə görüşlərin keçirilməsi hər iki xalq arasında dostluq, qardaşlıq münasibətlərini daha möhkəmləndirdiyini vurğuladılar. Onlar universitetlərimiz arasında tələbə-müəllim mübadiləsinin əməkdaşlığımızın inkişafına töhfə verəcəyini qeyd etdilər.
Sumqayıt Dövlət Universiteti ilə Ufa Dövlət Neft Texniki Universiteti və Samara Dövlət Texniki Universiteti arasında Rusiya və Azərbaycanın aparıcı təhsil təşkilatlarının innovativ iqtisadiyyat üçün yüksək ixtisaslı kadrların hazırlanmasına dair səylərin birləşdirilməsi, elmi-texniki və texnoloji əməkdaşlığın, birgə proqramların formalaşdırılması və həyata keçirilməsi, tədris-metodiki materialların işlənib hazırlanması, birgə elmi tədqiqatlar üzrə şəbəkə və ikitərəfli əməkdaşlığın təşkil edilməsi, elmi infrastrukturun və innovativ infrastrukturunun birgə subyektlərinin yaradılması, birgə nəşrlərin hazırlanması, təhsil alanların və elmi-pedaqoji işçilərin akademik mobilliyinin inkişaf etdirilməsi, ictimai tədbirlərin, elm-təhsil və innovasiya profilli konfransların, seminarların, telekörpülərin təşkil edilməsi və həyata keçirilməsi assosiasiya çərçivəsində dəstəklənən digər əməkdaşlıq formaları nəzərə alınaraq əməkdaşlıq müqaviləsi imzalandı.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt, Azərbaycan
43cü məhəllə
AZ5008
Telefon: +994-18 642-16-20
Faks: +994-18 642-02-70
E-Mail: info@sdu.edu.az