Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da “Orta əsr mənbələrində və müasir dövr tədqiqatlarında Qarabağ və Şuşa” mövzusunda “Ən yaxşı təqdimat” müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirildi
SDU-da “Orta əsr mənbələrində və müasir dövr tədqiqatlarında Qarabağ və Şuşa” mövzusunda “Ən yaxşı təqdimat” müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirildi
Mayın 19-da SDU-da “Orta əsr mənbələrində və müasir dövr tədqiqatlarında “Qarabağ və Şuşa” mövzusunda “Ən yaxşı təqdimat” müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirildi.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra vətənimizin suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Mükafatlandırma mərasimini universitetin Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru dosent Elmar Xəlilov açaraq mövzunun aktuallığından bəhs etdi. Qeyd etdi ki, Qarabağın tacı olan Şuşa xalqımız üçün müqəddəs və əziz məkandır. Şuşa sevgisi hər bir azərbaycanlının mənəvi varlığının ayrılmaz parçasıdır. Təməli 1752-ci ildə Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulan Şuşa şəhəri zəngin inkişaf yolu keçmiş, Azərbaycanın və bütün Cənubi Qafqazın mədəni və ictimai-siyasi həyatında müstəsna rol oynamışdır. Bənzərsiz tarixi görkəmini və formalaşdırdığı özünəməxsus mühiti həmişə qoruyub-saxlayan bu şəhər yetirdiyi böyük şəxsiyyətləri ilə ədəbi, mədəni, elmi və ictimai fikir salnaməmizə əlamətdar səhifələr yazmışdır. Şuşanın ötən əsrin 70-ci illərində sürətli inkişafı Ümummilli Liderimiz Heydər Əliyevin adı ilə sıx bağlıdır. Şəhərin inkişafına dair xüsusi qərarlar məhz Ulu Öndərin təşəbbüsü ilə qəbul edilmişdir. Həmin vaxtdan Şuşada quruculuq işləri geniş vüsət almış, mədəniyyət xadimlərimizin xatirəsinin əbədiləşdirilməsi istiqamətində mühüm addımlar atılmışdır. Strateji mövqeyi ilə seçilən Şuşa Azərbaycana qarşı hərbi təcavüzə başlamış Ermənistanın silahlı qüvvələri tərəfindən 1992-ci il mayın 8-də işğala məruz qalmışdır. İşğal dövründə şəhərdəki yüzlərlə tarix və mədəniyyət yadigarı vandalizm aktları nəticəsində dağıdılmışdır. Müzəffər Ordumuz Cənab Ali Baş Komandanımızın başçılığı ilə 44 günlük Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusu Şuşa şəhərini 2020-ci il noyabrın 8-də işğaldan azad etdi. Ermənistanın kapitulyasiyasına yol açan Şuşa qalibiyyəti xalqımızın qəhrəmanlıq ruhunun təntənəsinə çevrilərək, tariximizə Zəfər Günü kimi həkk olundu.
Qeyd edək ki, mayın 15-də Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı tədbirlər planının icra edilməsinə əsasən “Orta əsr mənbələrində və müasir dövr tədqiqatlarında Qarabağ və Şuşa” mövzusunda “Ən yaxşı təqdimat” müsabiqəsinə start verilmişdir. Müsabiqədə iştirak etmək üçün İqtisadiyyat və idarəetmə fakültəsindən 24 tələbə müraciət etmişdir. Müsabiqə 3 mərhələdə həyata keçirildi. Hər mərhələdə 8 iştirakçının çıxışları dinlənildi.
Hər turun qalibləri münsiflər heyəti: İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı Aynurə Yəhyayeva, Karyera və Məzunlarla İş Mərkəzinin müdiri dosent Əmirxan İsayev, Dünya iqtisadiyyatı və marketinq kafedrasının müdiri dosent Məlahət Pənahəliyeva, Maliyyə və mühasibat uçotu kafedrasının müdiri Loğman Abdullayev, İqtisadiyyat kafedrasının müdiri dosent Lalə Mahmudova və Biznesin təşkili və menecment kafedrasının müdiri dosent Qalib Hüseynov tərəfindən müəyyən edilmişdir.
“Orta əsr mənbələrində və müasir dövr tədqiqatlarında Qarabağ və Şuşa” mövzusunda “Ən yaxşı təqdimat” müsabiqəsinin may ayının 19-da yekunlaşan final turunda qaliblər müəyyən edildi. 740 saylı qrup tələbəsi Fərruxxanım Kərimova I yerə, 735 saylı qrup tələbəsi Aysel Orucova II yerə, 745 saylı qrup tələbəsi Elgün İsmayılov III yerə layiq görüldülər.
Sonra qaliblərin mükafatlandırılması həyata keçirildi. Qalib tələbələrə sertifikat və hədiyyələr təqdim edildi.
Çıxışçılar, xüsusilə münsiflər öz növbələrində tədbirlərin yüksək səviyyədə təşkil olunduğuna görə universitet rəhbərliyinə dərin minnətdarlıqlarını bildirdilər.
 
 Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az