Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş VI debat-natiqlik turnirinə start verildi
SDU-da Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş VI debat-natiqlik turnirinə start verildi
Mayın 20-də Sumqayıt Dövlət Universitetində SDU Tələbə Gənclər Təşkilatının Debat klubunun təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Ölkələrin iqtisadi inkişafında insan kapitalı təbii sərvətlərdən daha önəmlidir” mövzusunda VI debat-natiqlik turniri keçirildi.
Əvvəlcə xalqımızın Ümummilli lideri Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbiri giriş sözü ilə Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektor dosent Elmar Xəlilov açaraq debatın əhəmiyyəti və Ümummilli Lider Heydər Əliyevin keçdiyi şərəfli həyat yolu, zəngin fəaliyyəti haqqında iştirakçılara dolğun məlumat verdi. Qeyd etdi ki, Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi dövrlərdə uzaqgörən daxili və xarici siyasəti ilə ölkənin nüfuzunu artırmış, hərtərəfli inkişafına nail olmuş, müstəqilliyini əbədi və dönməz etmişdir.
Prorektor həmçinin müasir Azərbaycanın gənclər siyasətinin banisi Ulu Öndər Heydər Əliyevin gənc nəslə olan diqqət və qayğısından bəhs etdi. Ümummilli Lider gənclər siyasətinin uğurla həyata keçirilməsi məqsədilə bu sahənin zəruri qanunvericilik bazasının formalaşdırılmasını təmin etdi. 2 fevral 1996-cı ildə Ümummilli Liderin təşəbbüsü ilə müstəqil Azərbaycan gənclərinin ilk forumu keçirilmişdir. 1997-ci il fevralın 1-də forumun ildönümü münasibətilə gənclərin bir qrupunu qəbul edən Ulu Öndər “2 Fevral ̶ Azərbaycan Gəncləri Gününün elan edilməsi haqqında” Sərəncam imzalamışdır. Hazırda cənab Prezident İlham Əliyev tərəfindən bu siyasətin uğurla davam etdirilməsi nəticəsində gənclər cəmiyyətimizin inkişafında fəal iştirak edir, müxtəlif sahələrdə yüksək nailiyyətlər qazanır, dövlətçiliyin möhkəmləndirilməsində xüsusi rol oynayırlar.
O bildirdi ki, bu cür yarışlar Heydər Əliyev irsini təbliğ etməklə yanaşı, gənclərin vətənpərvər ruhda tərbiyə edilməsinə də müsbət təsir göstərir.
Sonra Tələbə Gənclər Təşkilatının sədri Elmin Novruzlu debatın tələbələrin gələcək həyatı üçün əhəmiyyətindən söhbət açdı. Bildirdi ki, debatın keçirilməsinin əsas məqsədi tələbələrə debat haqqında ətraflı məlumat vermək, onun mahiyyətini və tələbələrə nə kimi uğurlar qazandıra biləcəyini əyani şəkildə göstərmək, onların gələcək layihə və təlimlərə cəlb olunmasını təmin edərək peşəkar debatçıların yetişdirilməsinə köməklik göstərilməsindən ibarətdir.
Daha sonra SDU-nun “Debat klubu”nun sədri Anar Qurbanov turnir haqqında məlumat verərək qeyd etdi ki, “Ölkələrin iqtisadi inkişafında insan kapitalı təbii sərvətlərdən daha önəmlidir” mövzusunda keçirilən turnirin əsas məqsədi xüsusi əhəmiyyət daşıyan mövzunun gənclər tərəfindən debat və natiqlik bacarıqları vasitəsilə araşdırılması, məlumatlılığın artırılması, müxtəlif mövqelərdən təhlil olunması və əsaslandırılmasıdır.
Yarışı universitetimizin tələbələrindən ibarət hakimlərlə yanaşı, Debat Vətəndaş Cəmiyyətinin hakimləri idarə etdilər.
Qeyd edək ki, Debat Forumunda 14 komanda iştirak etdi. Qalib komanda növbəti həftə müəyyən olunacaq.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az