Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 105-ci ildönümü münasibətilə elmi-praktik konfrans keçirildi
SDU-da Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 105-ci ildönümü münasibətilə elmi-praktik konfrans keçirildi
Mayın 26-da Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 105-ci ildönümü münasibətilə “Müasir Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisidir” mövzusunda  elmi-praktik konfrans keçirildi.
Konfransda universitetin rəhbərliyi, professor-müəllim və tələbə heyəti iştirak etdilər.
Konfransı giriş sözü ilə universitetin rektoru professor Elxan Hüseynov açaraq xalqımızın azadlıq və müstəqillik mübarizəsinin şanlı səhifəsinə qızıl hərflərlə yazılmış 28 May-Müstəqillik Gününün tarixi əhəmiyyətindən bəhs etdi. Bildirdi ki, Müsəlman Şərqinin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 105 il ötür. Qeyd etdi ki, AXC qısa müddət ərzində fəaliyyət göstərsə də, xalqın şüurunda yaratdığı milli istiqlal ideyaları ilə əbədiyaşar oldu. Azərbaycan Xalq Cümhuriyyəti ölkəmizin çoxəsrlik sosial-iqtisadi, ictimai-siyasi və mədəni inkişafının, xalqımızın milli oyanışı və dirçəlişi proseslərinin məntiqi nəticəsi kimi meydana çıxmışdır. 1918-ci il mayın 28-də Azərbaycanın istiqlaliyyətinin elan edilməsində, Xalq Cümhuriyyətinin təşəkkül tapmasında və fəaliyyət göstərməsində Cümhuriyyətə rəhbərlik etmiş şəxslərin əməyi danılmazdır.Cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, ilk respublika dövründə həyata keçirilən tədbirlər müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdi. Rektor çıxışında respublikamızın 18 oktyabr 1991-ci il tarixindən dövlət müstəqilliyini bərpa etdikdən sonra Ümummilli Lider Heydər Əliyevin apardığı müdrik və qətiyyətli siyasəti nəticəsində Azərbaycan Respublikasının müstəqilliyinin möhkəmləndirilməsi, sosial-iqtisadi inkişafının təmin edilməsi istiqamətində görülən işlərdən danışaraq, bu siyasətin sonralar möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsini qeyd etdi. Bildirdi ki, 1991-ci ildə  ölkəmiz ikinci dəfə müstəqilliyə nail oldu, lakin o vaxtki rəhbərliyin həmin tarixi şansdan istifadə edə bilməməsi nəticəsində Azərbaycan böhranlı vəziyyətə  düşdü. Həmin illərdə yaşanan daxili çəkişmələr, ermənilərin torpaqlarımızı işğal etməsi və  vətəndaş müharibəsinin başlamasına səbəb oldu. Professor Elxan Hüseynov onu da vurğuladı ki, Prezident İlham Əliyev haqlı olaraq qeyd edir ki, “Demokratik təsisatlar məhz Ulu Öndərin təşəbbüsü ilə yaradıldı və möhkəmləndi, həmin illərdə siyasi sistem formalaşdı, konstitusiya qəbul edildi, dünyaya inteqrasiya dövrü başladı, bizə qarşı aparılan informasiya müharibəsi aradan qaldırıldı, iqtisadi islahatlar aparıldı, milli ideologiya yaradıldı, dövlətçiliyin əsasları qoyuldu, neft kontraktları imzalandı. Biz bu gün o illərdə müəyyən edilmiş strategiya çərçivəsində fəaliyyətimizi aparırıq, Azərbaycanı inkişaf etdiririk”. Əldə olunan nailiyyətlərdən danışan rektor professor Elxan Hüseynov qeyd etdi ki, bu gün xalqımız Müstəqillik Gününü qalib ölkənin vətəndaşları kimi qeyd edir. Vətənimizin igid oğulları, rəşadətli ordumuz 44 günlük Vətən Müharibəsində öz şücaətini bütün dünyaya nümayiş etdirdi. Parlaq Zəfərə imza atdı. Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə Şanlı Ordumuz 30 ilə yaxın düşmən tapdağında qalan əzəli torpaqlarımızı mənfur düşməndən azad etdi. 2020-ci il 27 sentyabr tarixindən başlanan Zəfər yolu xalqımızın tarixinə qızıl hərflərlə yazıldı. Şanlı Ordumuzun, Ali Baş Komadanımız İlham Əliyevin azad olunmuş əzəli torpaqlarımızda, müqəddəs Şuşa şəhərində qaldırdığı üçrəngli bayrağımız tarixi torpaqlarımızda qürurla dalğalanır.
Daha sonra Azərbaycan və Şərqi Avropa xalqları tarixi kafedrasının müdiri professor Şirxan Səlimov “Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və fəaliyyəti” mövzusunda məruzə etdi.  Xalq Cümhuriyyətinin qısa zaman ərzində gördüyü işlərdən-Azərbaycanın ilk Parlamenti və Hökuməti, dövlət aparatının təşkil edilməsi, ölkənin sərhədlərinin müəyyənləşdirilməsi, bayrağı, himni və gerbinin yaradılması, Ana dilinin dövlət dili elan edilməsi və dövlət quruculuğu sahəsində ciddi tədbirlərin həyata keçirilməsindən geniş bəhs etdi. AXC-nin ölkənin ərazi bütövlüyü və milli təhlükəsizliyinin təmin edilməsi, qısa müddətdə yüksək döyüş qabiliyyətli hərbi hissələrin yaradılması, milli tələblərə və demokratik prinsiplərə uyğun dövlət orqanlarının qurulması, maarifin və mədəniyyətin inkişafına xüsusi diqqət  yetirildiyini qeyd etdi.
Pedaqogika və psixologiya kafedrasının müdiri dosent Aytəkin Məmmədova “Azərbaycan Xalq Cümhuriyyətinin maarif və mədəniyyət sahəsində tədbirləri”, Tarix və onun tədrisi metodikası kafedrasının baş müəllimi Nofəl Abdullayev “Azərbaycan Xalq Cümhuriyyətinin 80 illiyi və 100 illiyi münasibətilə verilmiş sərəncamların tarixi əhəmiyyəti”, Azərbaycan və Şərqi Avropa xalqları tarixi kafedrasının baş müəllimi Samin Qocayev “Azərbaycan Xalq Cümhuriyyətinin tarixdə yeri”,Tarix və coğrafiya fakültəsinin IV kurs tələbəsi,Tələbə Gənclər Təşkilatının sədri Elmin Novruzlu “Azərbaycan Xalq Cümhuriyyətinin gənclər siyasəti”mövzularında çıxış etdilər. Bildirdilər ki, Şərqdə ilk demokratik dövlət quruluşu kimi yaranmış Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın müstəqillik tarixinin başlanğıcı olmaqla milli dövlətçilik salnaməsini müstəsna dərəcədə zənginləşdirib.Cəmi 23 ay ömrü olan Xalq Cümhuriyyəti süquta uğrasa da, 70 illik sovet rejimi xalqın azadlıq istəyini qıra bilməyib. 
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az