Əsas səhifə | Xəbərlər | General Səməd bəy Mehmandarovun 160 illik yubileyi qeyd olundu
General Səməd bəy Mehmandarovun 160 illik yubileyi qeyd olundu

Noyabrın 26-da Azərbaycan Respublikası Prezidentinin “General Səməd bəy Mehmandarovun 160 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamına əsasən universitetimizin Kitabxanası və Tarix və coğrafiya fakültəsinin birgə təşkilatçılığı ilə təntənəli tədbir keçirildi.
Tədbiri giriş sözü ilə Tarix və coğrafiya fakültəsinin dekanı, professor Adil Baxşəliyev açaraq Azərbaycanın böyük oğlu, Rusiya İmperator ordusunun artilleriya generalı, Azərbaycan Xalq Cümhuriyyətinin Hərb Naziri Səməd bəy Mehmandarov haqqında məlumat verdi. Qeyd etdi ki, general Mehmandarovun ölkə tarixinə ən böyük töhfəsi onun Azərbaycan Xalq Cümhuriyyəti hökumətində 1918-ci ilin 25 dekabrından Hərbi Nazir vəzifəsini tutması və müstəqil Azərbaycanın qısa müddətdə 40 minlik ordusunu yaratması oldu.General Səməd bəy Mehmandarov döyüş meydanlarındakı yüksək peşəkarlığı və zabit şərəfinə hədsiz sədaqəti ilə Azərbaycan xalqının hərb salnaməsinə unudulmaz səhifələr yazdı.
Qədim dünya tarixi kafedrasının müəllimi, fəlsəfə doktoru Samir Kərimli general Mehmandarovun keçdiyi  şərəfli  həyat yolundan danışaraq qeyd etdi ki, o, 16 yaşında Peterburqda yerləşən II Konstantinovka artilleriya məktəbinə daxil olmuş, 1875-ci ilin dekabrında pod-poruçik rütbəsi almış və üçüncü dərəcəli "Müqəddəs Stanislav" ordeni ilə təltif edilmiş və general-mayor rütbəsinədək yüksəlmişdir. O, Rusiyanın bütün hərbi ordenləri ilə, eləcə də İngiltərə, Fransa və Rumıniyanın bir neçə hərbi ordenləri ilə təltif edilmişdir.
Tarix və coğrafiya fakültəsinin IV kurs tələbəsi  Kəmalə Səmədova çıxışında S.Mehmandarovun  həyat və fəaliyyətindən, artilleriya generalı vəzifəsinədək yüksəlməsindən qürur duyduğunu vurğuladı.
Tədbirdə Azərbaycan Xalq Cümhuriyyəti dövründə hərbi nazir olan General Səməd bəy Mehmandarovun həyat və fəaliyyətinə həsr olunmuş film təqdim olundu.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt, Azərbaycan
43cü məhəllə
AZ5008
Telefon: +994-18 642-16-20
Faks: +994-18 642-02-70
E-Mail: info@sdu.edu.az