Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-nun fakültələrində dövlət müstəqilliyimizin bərpasının 32 illiyinə həsr olunmuş silsilə tədbirlər davam etdirilir
SDU-nun fakültələrində dövlət müstəqilliyimizin bərpasının 32 illiyinə həsr olunmuş silsilə tədbirlər davam etdirilir
18 Oktyabr ən şanlı tarixi günlərimizdən biri - Azərbaycanın Dövlət Müstəqilliyinin bərpası Günüdür. Bu il müzəffər Azərbaycan xalqı dövlət müstəqilliyimizin bərpasının 32 illiyini qeyd edir. Bu münasibətlə Sumqayıt Dövlət Universitetində Tələbə Həmkarlar İttifaqı Komitəsi və Tələbə Gənclər Təşkilatının dəstəyi ilə silsilə tədbirlər  keçirilir.
Fakültələrdə keçirilən tədbirlərdə dekanlar çıxış edərək kollektivi əlamətdar gün münasibətilə təbrik edib, xalqımızın ötən əsrin 90-cı illərinin əvvəllərində dövlət müstəqilliyini bərpa etməsini mühüm tarixi hadisə kimi dəyərləndiriblər. Qeyd ediblər ki, XX əsrin sonlarında SSRİ-nin dağılması ilə yaranan tarixi şərait nəticəsində öz müstəqilliyini yenidən əldə etməyə imkan tapan Azərbaycan 1991-ci il oktyabrın 18-də Ali Sovetin sessiyasında Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktının qəbul edilməsiylə uzun illərdən bəri həsrətində olduğu azadlığına qovuşdu. Bununla Azərbaycan bir əsrdə iki dəfə müstəqillik əldə etmək, özünün suveren dövlətini yaratmaq imkanı qazandı. Birinci imkan xarici müdaxilə və beynəlxalq təminatın olmaması səbəbindən itirildi və 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşadı. 70 il sonra yaranan ikinci tarixi imkan isə Xalq Cümhuriyyətinin hüquqi, siyasi və mənəvi varisi kimi müstəqil Azərbaycan dövləti qarşısında əldə olunmuş müstəqilliyi qorumaq, möhkəmləndirmək missiyası qoydu. Nəticədə 1991-ci il dekabrın 29-da ümumxalq referendumunda əhalinin 95 faizi səsvermədə iştirak edərək ölkənin müstəqilliyinə, suverenliyinə və istiqlaliyyətinə səs verdi, daha sonra dövlət bayrağı, himn və gerb haqqında qanunlar qəbul edildi. Dünya dövlətləri Azərbaycanın müstəqiliyini tanımağa başladı.
Çıxışçılar onu da diqqətə çatdırdılar ki, 1991-ci ildə yenidən müstəqilliyini əldə edən Azərbaycanda onun qorunub saxlanılması heç də asan olmayıb. 1993-cü ildə xalqın təkidli tələbi ilə Azərbaycanda siyasi hakimiyyətə qayıdan Ulu öndər Heydər Əliyev ölkəmizin müstəqilliyini əbədi və dönməz etdi. Ümummilli Liderin müstəqilliyimizin qorunub saxlanması və möhkəmləndirilməsi istiqamətində yorulmaz səyləri bu gün onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə parlaq Qələbəmizdən sonra Müstəqilliyin Bərpası Gününün keçirilməsi xüsusilə qürurvericidir. Bu tarixi Zəfəri qazanan Azərbaycan xalqı bütün dünyaya göstərdi ki, Azərbaycanın müstəqilliyi əbədidir.
Tədbirlərdə tələbələrin ifalarında müstəqilliyimizə həsr olunan şeirlər səsləndirilib, qəhrəmanlığı, vətənpərvərliyi və müstəqilliyimizi tərənnüm edən mahnılar ifa olunub.
Mətbuat xidməti
 
 

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az