Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | "SABAH.HUB" innovasiya mərkəzi SDU-da startapların qurulması ilə bağlı infosessiya təşkil etdi
"SABAH.HUB" innovasiya mərkəzi SDU-da startapların qurulması ilə bağlı infosessiya təşkil etdi
Oktyabrın 16-da Sumqayıt Dövlət Universitetinin Böyük Akt Zalında baş tutan infosessiya iştirakçılarını salamlayan SDU-nun rektoru Rüfət Əzizov ilk olaraq bir gün əvvəl xalqımız və dövlətimizin tarixində həmişəlik qalacaq hadisədən danışdı: “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Şərqi Zəngəzurda, 30 ildən artıq müddətdə Ermənistan Silahlı Qüvvələrinin işğalında qalmış rayonlarımızda və Xankəndi şəhərində dövlət bayrağımızı qaldırdı.
Bununla da, ərazi bütövlüyümüzün faktiki və hüquqi bərpası prosesi başa çatdı. Keçdiyimiz əzablı və uzun yol xalqımızın iradəsi, şəhidlərimizin qanı, qazilərimizin sağlamlığı və əsası Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulan dövlətçilik xəttinin möhtərəm Prezident İlham Əliyev tərəfindən qətiyyətlə aparılmasının nəticəsidir”.
Daha sonra universitetdə innovativ layihə və tədbirlərin həyata keçirilməsi, layihələrdə tələbələrin texniki-yaradıcılıq fəaliyyətinin dəstəklənməsindən danışan Rüfət Əzizov Elm və Təhsil Nazirliyinin dəstəyi ilə Təhsil İnstitutunun nəzdində yaradılan “SABAH.HUB” İnnovasiya Mərkəzinin Azərbaycanda akselerasiya proqramlarını həyata keçirməklə ölkənin innovasiya ekosisteminə töhfə verdiyini xatırlatdı: “Şadam ki, Sumqayıt Dövlət Universiteti İnnovasiya Mərkəzinin əməkdaşlıq etdiyi 10 ali təhsil müəssisəsi arasında yer alıb.
Platformanın başlıca hədəfi müxtəlif sahələr üzrə gələcək ali təhsilli mütəxəssislər olacaq bugünkü tələbələrə öz biznesini yaratmaqda kömək etməkdir”.
"SABAH.HUB" İdarə Heyətinin sədri Rəhim Bayramlı SDU-nun əməkdaşlıq etdikləri universitetlər sırasında olduğundan məmnunluğunu qeyd edərək, perspektiv hədəflər barədə danışdı: “Məqsədimiz iş yerlərinin qıtlığı şəraitində “Sabah academy”nin kurslarında olan tələbələrin startap layihələrə yönəldilməsidir”. Tələbələri innovativ yanaşmalara çağıran Rəhim Bayramlı gənclərin 5 faizinin belə uğur qazanacağı təqdirdə, bunun yaradacağı sosial mənzərənin pozitivliyindən danışdı.
İnfosessiya "SABAH.HUB"-da Startapların İnkişafı üzrə direktor Orxan Abbasov və "SABAH.academy"-nin layihə rəhbəri Əminə Məlikova tərəfindən tələbələrin interaktivliyi şəraitində keçirildi.
Vurğulandı ki, "SABAH.HUB" startap ekosisteminin böyüməsinə və inkişafına yönəlmiş innovasiya mərkəzidir.
"SABAH.HUB" İnnovasiya Mərkəzi 3 fərqli platformadan ibarətdir: "SABAH.academy", "SABAH.incubation" və "SABAH.lab".SABAH.academy – bir təhsil platforması kimi sahibkarlıqla bağlı mürəkkəb bilikləri sadələşdirərək hər kəs üçün əlçatan edir.
4 aylıq müddət çərçivəsində proqram universitetlərin 1-ci kurslarından startaplara, eləcə də korporasiyalara qədər fərqli auditoriyalara müraciət edir.
SABAH.incubation – ideyası olan startap komandalarına və individuallara öz ideyalarını inkişaf etdirməkdə dəstək olmaqla yanaşı, onları layihələşdirən və Akselerasiyaya hazır vəziyyətə gətirən platforma olduğu bildirildi: “SABAH.lab – 5 aylıq akselerasiya proqramı artıq öz minimal mümkün məhsulu (MVP) olan startaplara fondlaşdırma, mentorluq və kouçinq dəstəyi göstərməklə inkişaf etdirib investisiyaya hazır vəziyyətə gətirir.
Görüşün sonunda gənclərin təklifləri dinlənildi, yeni ideyaların reallaşdırlıması istiqamətində müzakirələr aparıldı.
 
 
 
 

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az