Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | 12 dekabr dahi şəxsiyyət, Ümumilli lider Heydər Əliyevin anım günüdür
12 dekabr dahi şəxsiyyət, Ümumilli lider Heydər Əliyevin anım günüdür

Dekabrın 11-də müdrik insan, əbədiyaşar şəxsiyyət, Ulu Öndər Heydər Əliyevin vəfatının on ikinci ildönümü ilə əlaqədar Sumqayıt Dövlət Universitetində  anım mərasimi keçirildi. Əvvəlcə tədbir iştirakçıları Ulu Öndərin büstü önünə əklil qoyaraq, əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.
Universitetin rektoru, professor Elxan Hüseynov çıxış edərək  bildirdi ki, 
Heydər Əliyev Azərbaycan rəhbərlik etdiyi illərdə uzaqgörən daxili və xarici siyasəti ilə ölkənin nüfuzunu artırmış, hərtərəfli inkişafına nail olmuş, müstəqilliyini əbədi və dönməz etmişdir. Azərbaycan Heydər Əliyevin uğurlu siyasəti sayəsində dünyada tanınan, nüfuzlu dövlətə çevrilmişdir. Ulu öndərin Azərbaycana rəhbərlik etdiyi dövr minilliklər boyu davam edən dövlətçilik tariximizin şanlı səhifəsidir. Bu mərhələ Azərbaycanda müstəqilliyin əbədi və dönməz xarakter alması, dövlətçiliyin möhkəmləndirilməsi, iqtisadi inkişaf üçün möhkəm təməlin yaradılması, milli-mənəvi yüksəliş, hər bir fərdin özünü layiqli vətəndaş olaraq dərk etməsi ilə müasir tariximizə əbədi həkk olunmuşdur. Heydər Əliyev dühasının mənalı ömür yolunun hər anı, hər səhifəsi bugünkü və gələcək nəsillərə nümunə olacaqdır. Hakimiyyətdə olduğu 34 il ərzində Ulu Öndər xalqının tarixi mənafeyi uğrunda əzmlə mübarizə aparmış, ictimai-siyasi proseslərdə daim özünü real güc mərkəzi kimi göstərmişdir. Heydər Əliyev 1969-cu ildə Azərbaycana rəhbər seçilərkən geniş kütlə tərəfindən bütün diqqət ona yönəldilmişdir. Tezliklə hər kəs Azərbaycana yeni fəaliyyət metodlarına malik rəhbərin gəldiyinin şahidinə çevrildi. Bütün bunlar isə çox sadə formada baş verirdi. Bu sadəliyin arxasında böyük təfəkkürün və baş verəcək dəyişikliklərin dayandığına heç kəs şübhə etmədi. Respublikada həyata keçirilən genişmiqyaslı islahatlar iqtisadi, sosial-mədəni həyatın canlandırılmasına, milli-mənəvi dəyərlərin dirçəldilməsinə yönəldilərək gələcək müstəqilliyin təmin olunması üçün zəmin hazırladı. 
Rektor onu da qeyd etdi ki, Ulu Öndər təhsilə, elmə böyük diqqət və  qayğı göstərməklə elm adamlarının sevimlisinə çevrildi. Müdrik kəlamları ilə adını tarixə yazdı. “Xalqın inkişafı, sabahı elm və təhsillə bağlıdır. Dövlətin gələcəyini düşünənlər hökmən gənc nəslin təhsilinə, təlim-tərbiyəsinə ciddi diqqət yetirməlidirlər”. Elmsiz xalq tərəqqi edə bilməz.  Heydər Əliyev ordu sıralarında da milli kadrların yetişməsinə və yerləşməsinə çalışırdı və nail oldu da.Onun təşəbbüsü və şəxsi himayəsi altında Cəmşid Naxçıvanski adına hərbi təmayüllü məktəb açıldı. Tezliklə bu məktəb böyük şöhrət qazandı. Azərbaycan tarixində bəlkə də, yeganə siyasət adamıdır ki, onun fəaliyyəti yalnız konkret sahələri əhatə etmir, həm də ümummilli və qlobal əhəmiyyətli problemlərin aradan qaldırılmasına xidmət edir. Heydər Əliyev xalq işinə sədaqəti, siyasi müdrikliyi, böyük dövlətçilik təcrübəsi, parlaq hafizəsi, onun ən yüksək keyfiyyətləri idi.
Rektor Elxan Hüseynov bildirdi ki, ötən əsrin 90-cı illərin əvvəllərində  Azərbaycanda hərc – mərclik, xaos, dərəbəylik hökm sürürdü. Ölkədə vətəndaş müharibəsi başalmışdır. Rayonlarımız işğal edilirdi. Orduda və rəhbərlikdə səriştəsizlik, pərakəndəlik, ikitirəlik düşmən qüvvələri üçün münbit şərait yaratmışdır.  Belə bir ərəfədə Azərbaycan xalqı tarixi  qərar verdi – öz taleyini Heydər Əliyevə etibar etdi . Xalq inanırdı ki, ölkəni  bu fəlakətdən yalnız Heydər Əliyev xilas edə bilər. Bu səbəbdən də təkidlə qüdrətli şəxsiyyəti Bakıya dəvət etdi. Əvvəllər bu dəvətlə razılaşmayan Heydər Əliyev ölkənin belə ağır, mürəkkəb bir vaxtında, ondan başqa heç kəsin bu böhranı aradan qaldıra bilməyəcəyini tam məsuliyyəti ilə dərk edərək, Bakıya – böyük siyasətə qayıtmağa razılıq verdi. Azərbaycan Respublikası Milli Məclisinin 1993 – cü il iyun ayının 15-də çağırılmış fövqəladə iclası Heydər Əlirza oğlu Əliyevi respublika Ali Sovetinin Sədri seçdi. Xalqın çağırışına səs verən Heydər Əliyev belə bir gündə bütün ağırlıq və məsuliyyəti öz üzərinə götürərək hakimiyyətə qayıtdı. Həmin gün sonralar xalqımızın tarixinə “Qurtuluş Günü” kimi daxil oldu. 
Rektor Elxan Hüseynov onu da vurğuladı ki, Heydər Əliyev qısa zamanda ölkədə ictimai-siyasi sabitliyi tam təmin etməklə ölkə iqtisadiyyatındakı tənəzzül prosesinin qarşısının alınmasına xidmət edən bir sıra zəruri tədbirlər həyata keçirdi. 1994-cü ilin sentyabrın 20 –də Heydər Əliyevin səyi nəticəsində dünyanın məşhur şirkətləri ilə imzalanan neft kontraktı – “Əsrin müqaviləsi” dövlətimizin iqtisadi strategeyiyasını müəyyənləşdirdi. Qərb və Avropa dövlətləri üçün enerji resurslarına görə Azərbaycanın önəmi artdı. Çoxlarına xəyal kimi görünən Bakı-Tiflis-Ceyhan boru xəttinin çəkilib istifadəyə verilməsi, ardınca da müxtəlif regional layihələrin qətiyyətlə reallaşdırılması bir tərəfdən Azərbaycanın iqtisadı qüdrətinin artırdı,  digər tərəfdən də dövlətimizi regionda iqtisadi, siyasi gücə çevrildi. 1995-ci ildə Heydər Əliyevin rəhbərliyi ilə hazırlanıb qəbul edilmiş Konstitusiya  dünyəviliyimizi, müasirliyimizi, insani haqlarına, demokratik dəyərlərə münasibətimizi,  tolerantlığımızı nümayiş etdirdi. 
Azərbaycan xalqı Heydər Əliyevin rəhbərliyi altında müstəqilliyini təhlükədən qurtardı, onu ” dönməz və əbədi ” etdi. Ulu öndərin vaxtilə söylədiyi "Heç kəsin şübhəsi olmasın ki, ömrümün bundan sonrakı hissəsini harada olursa-olsun, yalnız və yalnız Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişaf etməsinə həsr edəcəyəm" kəlamı bu gün də xalqımız tərəfindən qürurla xatırlanır. Ümummilli liderin müstəqillik konsepsiyasının, sosial-iqtisadi inkişaf strategiyasının uzaqgörənliyi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin qazandığı böyük uğurlarda bir daha tarixi təsdiqini tapır.
Azərbaycan tarixi kafedrasının müdiri, dosent Əmirxan İsayev “Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin memarıdır” mövzusunda çıxış edərək bildirdi ki, Heydər Əliyev Azərbaycanın milli müstəqillik, milli azadlıq, milli dövlətçilik tarixini yaradan şəxsiyyətdir. Onun düşüncələri xalqımız üçün nurlu yol ideyaları işıqlı sabahlarıdır.
Ulu öndərin xatirəsinə həsr olunan tədbir tələbələrimizin çıxışları ilə davam etdi. Qeyd edək ki, Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə  ümummilli lider Heydər Əliyevin həyatının, çoxşaxəli fəaliyyətinin və irsinin dərindən öyrənilməsi və təbliği məqsədi ilə tələbələr arasında «Ən yaxşı məqalə» müsabiqəsinə yekun vuruldu.
Müsabiqədə I yeri tutan Tarix və coğrafiya fakültəsinin I kurs tələbəsi Nazlı Məmmədova “Heydər Əliyev və müasir inkişaf etmiş Azərbaycan”, II yerə layiq görülmüş Tarix və coğrafiya fakültəsinin III kurs tələbəsi Toğrul Əlizadə “Heydər Əliyev və milli dövlətçilik ənənələri” və  Riyaziyyat fakültəsinin II kurs tələbəsi Yaşxanım Bağırzadə “Heydər Əliyev ilk milli konstitusiyamızın banisidir”, III yerin sahibləri Filologiya fakültəsinin I kurs tələbəsi Öncebe Vakkas “Heydər Əliyev bütün türk dünyasının fəxr etdiyi böyük şəxsiyyətdir” və Filologiya fakltəsinin IV kurs tələbəsi Səidə Musayeva “Heydər Əliyev və Azərbaycan diasporu”   mövzularında məruzə etdilər. 
Rektor Elxan Hüseynov inşa müsabiqəsində yer tutan tələbələrə (I yer 300 manat, II yer 200 manat, III yer isə 150 manat) pul mükafatı və Fəxri Fərman təqdim etdi. 
Tədbirin sonunda Ulu öndər Heydər Əliyev haqqında səndli film nümayiş etdirildi.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az