Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | “Times Higher Education” reytinq təşkilatının nümayəndələri SDU-da
“Times Higher Education” reytinq təşkilatının nümayəndələri SDU-da
Yanvarın 25-də ali təhsil müəssisələrinin beynəlxalq reytinqini nəşr edən “Times Higher Education” (THE) Beynəlxalq Reytinq Agentliyinin qlobal məsələlər üzrə rəhbəri Phil Bati, Böyük Britaniya və Avropa üzrə kommersiya direktoru Laçın İtalmazova və Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin Beynəlxalq layihələrin idarə olunması sektorunun müdiri Zülfiyyə Şəfiyeva ilə Sumqayıt Dövlət Universitetində (SDU) görüş keçirilib.
SDU-nun Heydər Əliyev Mərkəzində keçirilən görüş zamanı ilk olaraq Sumqayıt şəhəri və mövcud yerli sənaye potensialı, eləcə də SDU-nun tarixi, tədris istiqamətləri, tədqiqat göstəriciləri, maddi-texniki bazası və universitet-sənaye əməkdaşlığı haqqında geniş məlumat verilib. Rektor Rüfət Əzizov universitetin uğurları, cari vəziyyəti və gələcəyə baxışını beynəlxalq təcrübə ilə müqayisədə nümayəndə heyəti ilə ətraflı müzakirə edib. Əlavə olaraq, universitetin strateji inkişaf məsələləri və sözügedən inkişaf üçün beynəlxalq reytinq sistemlərinin zəruri alət kimi istifadəsindən bəhs edilib, qonaqların bu istiqamətdə rəy və tövsiyələri dinlənilib. SDU-nun idarəedici struktur rəhbərlərinin də iştirak etdiyi görüşdə bu və digər məsələlərlə bağlı geniş fikir mübadiləsi aparılıb.
Phil Bati SDU-nun strateji inkişaf planında nəzərdə tutulan məqsədlərin ali təhsil müəssisələrinin beynəlxalq reytinqləri ilə əlaqəliliyini vurğulayaraq, universitetin üstünlüklərindən istifadə olunaraq brenləşdirmənin aparılması, akademik, tədqiqat və tədris istiqamətində reputasiyasının artırılması kimi mövzular haqqında öz fikirlərini bildirib. Laçın İtalmazova, öz növbəsində, beynəlxalq reytinqlərlə bağlı alətlər, SDU-nun sözügedən reytinqlərdə yer alması üçün tətbiq edə biləcəyi üsullar haqqında tövsiyələr verib.
THE-nin nümayəndələri ilə, həmçinin Azərbaycanda BMT-nin İqlim Dəyişikliyi Konfransının (COP29) keçiriləcəyini nəzərə alaraq SDU tərəfindən də görülə biləcək işlər və Dayanıqlı İnkişaf Məqsədlərinin təminatına dəstək vermək üçün mümkün tədbirlərin təşkili müzakirə edilib, bu istiqamətdə birgə beynəlxalq konfransın təşkil olunması üçün ilkin razılıq əldə olunub.
Bundan sonra, nümayəndə heyəti əyani şəkildə universitet ilə tanış olub, SDU-nun nəzdində tədris məqsədilə yaradılan açıq səma altında Elektroenergetikanın tədris muzeyinə, "Code Academy"yə, ayrı-ayrı auditoriya, laboratoriya və tədris kabinələrinə baş çəkib, universitetin maddi-texniki bazası haqqında məlumatlandırılıb.
 
Mətbuat xidməti
 
 
 
 

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az