Əsas səhifə | Xəbərlər | Sumqayıt Dövlət Universiteti AMEA- nın üç İnstitutu ilə əməkdaşlıq müqaviləsi imzaladı
Sumqayıt Dövlət Universiteti AMEA- nın üç İnstitutu ilə əməkdaşlıq müqaviləsi imzaladı
Dekabrın 14-də Sumqayıt Dövlət  Universiteti, Azərbaycan Milli Elmlər Akademiyasının Neft Kimya Prosesləri İnstitutu, Kataliz və Qeyri-üzvi Kimya İnstitutu, Polimer Materialları İnstitutu arasında əməkdaşlıq müqaviləsi imzalandı.
AMEA-nın prezidenti, akademik Akif Əlizadə, Rəyasət Heyəti aparatının Elm və təhsil idarəsinin rəisi, texnika üzrə elmlər doktoru Əminağa Sadıqov, Kimya Elmləri bölməsinin akademik-katibi, akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun direktoru akademik Dilqəm Tağıyev, AMEA-nın Neft Kimya Prosesləri İnstitutunun direktoru, akademik Vaqif Abbasov, AMEA-nın  Polimer Materialları İnstitutunun direktoru, akademik Akif Əzizov SDU-da oldular.
Universitetin  rektoru, professor Elxan Hüseynov qonaqları universitetimizdə görməkdən  məmnun olduğunu bildirdi və dəyirmi masa ətrafında  elmin, təhsilin inkişafına  dair  birgə fikir mübadiləsi aparıldı.
Ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyaraq, əziz xatirəsini dərin ehtiramla  yad etdikdən sonra, ümummilli lider Heydər Əliyevin adını daşıyan Mərkəzdə Ulu Öndərin uşaqlıq, yeniyetməlik, tələbəlik, Dövlət Təhlükəsizlik Komitəsində işlədiyi dövrü, hakimiyyətdə olduğu illəri əks etdirən fotolar qonaqların marağına səbəb oldu. Rektor bildirdi ki,  təhsilimizin inkişafına hər zaman xüsusi diqqət göstərən ümummilli liderimiz Heydər Əliyevin adını daşıyan Mərkəzdə əməkdaşlıq müqaviləsinin imzalanması təsadüfi xarakter daşımır. Ölkəmizdə təhsil islahatlarının həyata keçirilməsi, kadr və intellektual potensialın möhkəmləndirilməsi məhz Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndərin miras qoyduğu milli təhsil strategiyası bu gün ölkə Prezidenti cənab İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilir.
Rektor ali məktəbin yaranma tarixi, onun fəaliyyət istiqamətləri, həyata keçirdiyi beynəlxalq proqram və layihələr barədə ətraflı məlumat verdi.  Qeyd etdi ki, əmək bazarı öyrənilməklə universitetdə pedaqoji və mühəndis kadrları hazırlayan yeni ixtisaslar açılmışdır. Xarici dil, riyaziyyat və informatika, tarix və coğrafiya, ibtidai sinif, məktəbəqədər təlim və tərbiyə, kompüter elmi üzrə ixtisaslara tələbə qəbulu həyata keçirilmişdir. Bundan əlavə dörd fakültədə rus dili  bölmələri yaradılmışdır.
Rektor Elxan Hüseynov onu da vurğuladı ki, ölkə başçısı  cənab İlham Əliyev təhsil, elm sahəsində imzaladığı sərəncam, “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya” proqramı elmi-texniki infrastrukturun modernləşdirilməsi, elmin, təhsilin və istehsalatın inteqrasiyasının təmin edilməsi, innovasiya fəaliyyəti infrastrukturunun inkişaf etdirilməsi, o cümlədən, texnoparkların, texnoloji mərkəzlərin genişləndirilməsi əsas vəzifə kimi qarşıya qoyulmuşdur. 
Bu baxımdan Sumqayıt Dövlət Universitetinin bacarıqlı və yüksək intellektə sahib olan tələbələrinin nəzəri biliklərini bu müəssisələrdə təcrübədən keçirməsi məqsədəuyğundur. Sumqayıt Texnologiyalar Parkının və “Azərikimya” İB-nin müəssisələri ilə iş birliyi yaradılmışdır. AMEA-nın Polimer Materialları İnstitutu ilə universitetimiz  arasında təhsil-elmi-istehsalat  çərçivəsində elmi əməkdaşlıq üzrə istiqamətlər müzakirə edilmiş və hədəflər müəyyənləşdirilmişdir. İnanıram ki, AMEA-nın  prezidenti, akademik Akif Əlizadənin şəxsən iştirakı ilə imzaladığımız əməkdaşlıq müqaviləsi təhsilin elmə, elmin təhsilə inteqrasiyasına təkan verəcəkdir. Müəsissələrin sərəncamında olan elm və maddi-texniki potensialdan, müasir bilik və təcrübədən istifadə etməklə universitetimizdə  tədrisin keyfiyyəti daha da yüksələcəkdir.
AMEA-nın prezidenti, akademik Akif Əlizadə çıxışında Sumqayıt Dövlət Universitetində olmaqdan məmnunluğunu ifadə etdi və bildirdi ki, Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra elmə və elm adamlarına yüksək dəyər verildiyini və bu gün də bu sahənin prioritet istiqamətlərdən biri olduğunu vurğuladı. Qeyd etdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin son illər elm və təhsil sahəsinə göstərdiyi diqqət və qayğı, xalqımız üçün son dərəcə əhəmiyyətli olan hər iki sahə ilə bağlı qəbul etdiyi qərarlar ölkəmizdə elmin, təhsilin inkişafı və onların müasir səviyyədə inteqrasiyası üçün böyük imkanlar yaratmışdır. Bu imkanlardan səmərəli istifadə etməklə AMEA-da elmlə təhsilin vəhdətinin təmin edilməsi, kadr hazırlığı sisteminin müasir standartlara uyğun olaraq təkmilləşdirilməsi, elmi tədqiqat işlərinin nəticələrinin tədris prosesində tətbiqi hazırda AMEA-nın qarşısında duran əsas vəzifələrdir. Bu gün Sumqayıt Dövlət Universitetində imzalanacaq əməkdaşlıq müqaviləsinin elm və təhsilin inkişafına zəmin yaradacağına böyük ümidlər bəsləyirəm.
Görüş zamanı müəllimlərin və tələbələrin institutlara cəlb edilməsi, müvafiq istiqamətlər üzrə mövcud ixtisaslar arasında elmi-tədqiqat işlərinin, layihələrin hazırlanması və yerinə yetirilməsinə, professor-müəllim heyətinin, doktorant və magistrantların  cəlb olunması hər üç institutda təcrübə  keçmələrinə şəraitin  yaradılması, institutların professor və dosentləri tərəfindən universitetimizin magistrantlarına elmi rəhbərliyin  təşkili, kimya elmləri üzrə fəlsəfə və elmlər doktorlarının hazırlanmasına təkan verəcəyi, elmi-tədqiqat işlərinin yerinə yetirilməsi məqsədi ilə Sumqayıt Dövlət Universiteti, AMEA-nın Kataliz və Qeyri-üzvi kimya İnstitutu, Neft Kimya Prosesləri İnstitutu və Polimer Materiallar İnstitutu arasında tədqiqatçıların ədəbiyyat və kitabxana  materialları ilə təmin edəcəklər. O da vurğulandı ki, müqavilənin imzalanması mərasimində  KQKİ-da, NKPİ-da, PMİ-da və SDU-da müvafiq  kafedraların və filialların açılması, tərəflərin elmi və texniki proseslərdə müasir cihaz və qurğulardan geniş istifadə edilməsi birgə elmi layihələrin və qrantların hazırlanması, əldə edilmiş nəticələrin seminarlarda, konfranslarda müzakirə olunması üçün mühüm addımlar atılacaq. Bu əlaqələrimizin  möhkəmlənməsi ilə yanaşı Azərbaycan təhsilinin  və elminin inkişafına töhfələr verəcək. 

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt, Azərbaycan
43cü məhəllə
AZ5008
Telefon: +994-18 642-16-20
Faks: +994-18 642-02-70
E-Mail: info@sdu.edu.az