Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da Sumqayıt hadisələri ilə bağlı tədbir keçirildi
SDU-da Sumqayıt hadisələri ilə bağlı tədbir keçirildi
1988-ci il fevralın 27-29-da baş vermiş Sumqayıt hadisələrindən artıq 36 il keçir. Zaman göstərdi ki, bu olaylar böyük bir siyasi oyunun başlanğıcına səbəb olur. Bu baxımdan Sumqayıt hadisələrini sonrakı qanlı olayların başlanğıcı kimi yada salıb təhlil etmək çox vacibdir. Bu məqsədlə fevralın 27-də Sumqayıt Dövlət Universitetinin Filologiya fakültəsinin təşkilatçılığı ilə 1988-ci ilin fevral ayında ermənilər tərəfindən törədilmiş hadisələrin 36-ci ildönümü münasibətilə tədbir keçirildi.
Tədbiri giriş sözü ilə açan Filologiya fakültəsinin dekanı dosent Günel Paşayeva tədbirin məqsəd və mahiyyətindən danışaraq bildirdi ki, Sumqayıtda törədilən hadisələr ermənilərin “Böyük Ermənistan” adlı məkrli və zəncirvari planının bir hissəsi idi.
Sumqayıt hadisələrindən bəhs edən videoçarx izlənildikdən sonra Xarici dillər kafedrasının professoru, filologiya elmlər doktoru Ramazan Məmmədov Sumqayıt hadisələrinin həm canlı şahidi, həm də görkəmli tədqiqatçısı kimi çıxış etdi. O, Sumqayıt hadisələrindən söz açaraq bildirdi ki, Bakının 30 km-də yerləşən Sumqayıt şəhəri təsadüfən seçilməmişdi. Həmin ərəfədə Ermənistandan zorla çıxarılmış 41 mindən artıq Azərbaycan türklərinin əksəriyyəti məhz Sumqayıtda məskunlaşmışdı və ermənilərin onlara qarşı törətdikləri vəhşiliklərə görə qəzəb içərisində idilər. Hələ Sovet dövründə də “ölü zona” adlandırılan şəhərin yerli əhalisi də yoxsulluq və səfalət ucbatından radikal addımlar atmağa meylli idi. Ona görə də burada genişmiqyaslı ixtişaşlar törətmək mümkün oldu. Bir gün davam edən ixtişaşlar nəticəsində erməni evləri dağıdıldı, onlarla adam yaralandı, 32 nəfər, o cümlədən, 26 erməni, 5 Azərbaycan türkü, 1 ləzgi öldürüldü. Çox təəssüf ki, mənfur düşmənin ərazi iddiasını ortaya qoyduğu ilk günlərdən informasiya müharibəsini uduzduq. Bilavasitə ermənilərin və onların Moskvada və xaricdə olan havadarlarının məkrli niyyəti ilə hazırlanmış Sumqayıt hadisələrinin əsil mahiyyətini dünya ictimaiyyətinə çatdıra bilmədik. Ermənilər isə bu hadisələrdən sonrakı illərdə soydaşlarımıza qarşı törətdikləri vəhşiliklərdən dünya ictimaiyyətinin diqqətini yayındırmaq üçün daim Sumqayıt hadisələri barədə yalan və iftiralar yayır, bu haqda onlarla saytlar hazırlayır, kitablar çap edib yayır, xarici mətbuatda müntəzəm çıxışlar edir, hətta Xocalı qətliamının fotoşəkillərini Sumqayıt genosidi adı ilə yaymaqdan çəkinmirlər.
Sonra Xarici dillər kafedrasının müdiri professor Nigar İsgəndərova çıxış edərək professor Ramazan Məmmədovun bu istiqamətdə apardığı tədqiqat işlərinin təqdirəlayiq olduğunu bildirərək qeyd etdi ki, onun ssenarisi əsasında bir neçə kitab türk, rus və ingilis dillərinə tərcümə olunaraq dünya ictimaiyyətinə çatdırılıb.
Sonda mövzu ətrafında fikir müzakirələri aparıldı və tələbələri maraqlandıran suallar cavablandırıldı. 
Mətbuat xidməti
 
 
 

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az