Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da 31 Mart soyqırımı ilə əlaqədar tədbir keçirilib
SDU-da 31 Mart soyqırımı ilə əlaqədar tədbir keçirilib
Martın 29-da Sumqayıt Dövlət Universitetində Tarix və coğrafiya fakültəsinin təşkilatçılığı ilə 31 Mart Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş tədbir keçirildi. 
Tədbirdən əvvəl SDU-nun rəhbərliyi və professor-müəllim heyəti universitetin foyesində qurulan, 1918-ci il martın 31-də Bakı şəhərində və ətraf rayonlarda daşnak-bolşevik silahlı birləşmələrinin həyata keçirdiyi soyqırımının miqyası ifadə olunan fotosərgini ziyarət etdilər və şəhidlərin xatirəsini bir dəqiqəlik ehtiram sükutu ilə yad etdilər.
Soyqırıma həsr olunmuş video-çarxın nümayişindən sonra tədbiri giriş sözü ilə açan SDU-nun rektoru dosent Rüfət Əzizov 1918-ci il mart ayının 31-də kütləviliyi və xüsusi qəddarlığı ilə yadda qalan bu və yaxud digər hadisələrin nəyə görə unudulmamasının vacibliyindən söz açdı. Baş vermiş faciələrin arxasında ayrı-ayrı dövlətlərin və ya dövlət qurmaq istəyən xalqların maraqlarının dayandığını bildirən rektor bunu şərtləndirən faktorlardan söz açdı: “Bakı, Şamaxı, Quba, Lənkəran, Qarabağ, Naxçıvan, İrəvan və digər bölgələrdə kütləvi qırğınlar regionumuzda yaradılması planlaşdırılan Ermənistan dövləti üçün maksimum çox ərazilərin boşaldılmasına xidmət edirdi”. 
Anoloji hadisələri 1988-ci ildə Ermənistan dövlətinin ölkəmizə qarşı başladığı müharibə ilə müqayisə edən Rüfət Əzizov bu fonda 20 Yanvar, Xocalı, Qaradağlı və digər bölgələrdə Ermənistan dövlətinin iradəsi ilə xalqımıza qarşı həyata keçirilən soyqırımı aktlarına toxundu. Prezident Heydər Əliyevin imzaladığı Fərmanla 31 Martın Azərbaycanlıların Soyqırımı Günü elan olunmasını çox mühüm addım kimi vurğulayan rektor 2020-ci il sentyabr ayının 27-də başlayan 44 günlük Vətən Müharibəsində xalqımızın mütləq əksəriyyətinin iradəsini ifadə edən Prezident İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Silahlı Qüvvələrimizin qazandığı Zəfərin əslində 1918-ci ildən başlayan savaşın yekunu olduğunu qeyd etdi.
Sonra Azərbaycan və Şərqi Avropa xalqları tarixi kafedrasının müdiri professor Şirxan Səlimov “31 Mart soyqırımı Azərbaycan xalqına qarşı törədilən cinayətdir”, həmin kafedranın baş müəllimi Samir Məhərrəmov “Ermənilərin Cənubi Azərbaycanda törətdiyi soyqırımı”, Tarix və coğrafiya fakültəsinin tələbəsi Songül Kərimzadə “Mart soyqırımı qurbanlarının kütləvi məzarlıqları erməni vəhşiliyinin bariz nümunəsidir” mövzularında məruzələrini təqdim etdilər. Məruzə və çıxışlarda 1918-ci il mart ayının 31-də Bakı şəhərində və ətraf rayonlarda başlayan, aprel ayının birinci ongünlüyündə davam edən, əliyalın və dinc əhaliyə qarşı törədilən cinayət hadisəsinin azərbaycanlılara qarşı soyqırımı faktı olduğu əsaslandırıldı.
  
 
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az