Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Şəhidlər parkında iməclik
Şəhidlər parkında iməclik

Şəhərimizin 8-ci mikrarayonunda şəhid Adil və Nazim Abbasov qardaşlarının adına salınmış park şəhidlərin atası Xasay Abbasov tərəfindən daima nəzarətdə saxlanılırdı. O, sanki bu parkı doğma evi sanırdı. Parkın səliqəsinə, təmizliyinə xüsusi diqqət yetirməklə  rahatlıq tapırdı. Görünür ki, ciyərparasının itkisinə dözmək onun üçün çox ağır idi. Bu baxımdan o, gününü bu parkda şəhid övladları ilə dərdləşərək keçirirdi. Axşamlar işıqları yandırır, tullantıları təmizləyir, gündüzlərsə ağacları və gülləri suvarırdı. Hər gün eyni işlər təkrarlanırdı. Artıq il yarımdır ki, parkın işıqları yanmır... Şəhid qardaşların atası dünyasını dəyişib. Bu müddət ərzində park tamamilə sahibsiz qalaraq, baxımsız vəziyyətə düşmüşdü.  Parkda əyləşən insanlar heç olmasa şəhidlərin ruhuna hörmət edərək təmizli qorumaq əvəzinə, əksinə natəmizliyin yaranmasına səbəb olurlar. 
Həmin mikrarayonun sanki olduğum üçün yolum tez-tez bu parkdan keçir. Dəfələrlə parkdan keçərkən qarşılaşdığım səhnə  unudulmaq, kimsəsizlik,baxımsızlıq hisslıri mənə rahatlıq vermirdi. Vaxtilə bu parkın şəhidlərin atası tərəfindən cənnətə döndərilməsi, indi isə xarabalığa döndərilməsi mənə pis təsir edirdi. Düşündüm ki, şəhid atasının ruhunu şad etmək üçün burada abadlıq işləri aparsam, az da olsa rahatlıq taparam. Sunqayıt Dövlət Universitetində qrup rəhbəri olduğum, 990-cı qrupunun tələbələri ilə orada iməclik keçirməyi qərara aldım. Tələbələrə məqsədimi bildirdim. Hamı bir nəfər kimi çox böyük məhəbbətlə bu işin tezliklə həyata keçməsini xahiş etdilər. Onlar bu təklifə o qədər fərəhli və həvəsli idilər ki, çox uzanmasını istəmirdilər. Beləliklə iməclik dekabrın 12-nə təyin olundu. Həmin gün qrupda olan tələbələrin hər biri parka toplandı. Hamı böyük həvəslə işə başladı.Təmizlik işləri aparmaq ücün mikrayonun MMS-dən bel, süpürgə və digər avadanlıqlar alındı.
Tezliklə parkda canlanma yarandı.Tələbələrdə böyük ruh yüksəkliyı yaranmışdı. Bu işi  o qədər məhəbbətlə, ürəklə həyata keçirirdilər ki, sanki bunu özlərinə, şəhidlərin, onların atasının ruhuna mənəvi borc hesab edirdilər.
Tələbələr təklif etdilər ki,bu parkı daim diqqətdə saxlayaq, təmizliyi və təmiri baxımından hər zaman görüləcək işləri həyata keçirək. Bu məni bir müəllim kimi çox sevindirdi və onlarla qürur duydum. Təbii ki, görülən hər bir iş bizim hər birimizin mənəvi və vətəndaşlıq borcumuzdur. Bu işlərin gənc tələbələlər tərəfindən həyata keçirilməsinin işıqlandırılması, sadəcə onların simasında tərbiyə məqsədi kimi, insanlarda müqəddəs hisslərin inkişaf etdirilməsi yönümündən nümunə kimi təbliğ edilməsi mühümdür. Bu kimi işlər gənc nəslin vicdanlı, xalqına dövlətinə ürəkdən xidmət edən bir insan kimi formalaşmasına bir nümunədir. Bu səbəbdən də 990 qrupunu nümunəvi qrup kimi universitetimizdə təhsil alan tələbələrimizə təqdim etmək vacibdir.
Sonda tələbələr işləri bitirdikdən sonra parkda çay süfrəsidə təşkil  etdilər.     Şəhidlərin ruhuna şeir, mahnı da oxudular. Parkda toplaşan qocaları da ünsiyyətə qoşdular.Tələbələr qocalara sevgi ilə yanaşaraq, onları söhətə cəlb etdilər. Keçmiş həyatlarından danışdırdılar. Bir sözlə parkda canlanma, səmimi ünsiyyət yaranmışdı. Bu əhval-ruhiyyə tələbələr üçün bir marafon terapiya oldu. Böyuk  zəhmətlə işlədilər, ünsiyyət qurdular, oxudular, daxili gərğinlikdən azad oldular.
Böyük əməl insanı insanlığa qovuşduraraq yaşadır. Xalqımızı xoşbəxt edən yalnız xeyirxah əməllər ola bilər. Böyük filosof Konfutsinin söylədiyi kimi: “Zülmət qaranlığı hayqırtıyla lənətləməkdənsə, hərə bir şam yandırsa aləm nura boyanacaqdır”.
                                                                                                                                                                                                                                                                                                             İradə Hüseynova 
                                                                                                                                                                                                                                                Pedaqoqika və psixoloğiya kafedrasının baş müəllimi, psixoloq 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az