Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Tələbələrimiz STEAM İnnovasiya Mərkəzində
Tələbələrimiz STEAM İnnovasiya Mərkəzində
 Aprelin 4-də və 5-də SDU Tələbə Həmkarlar İttifaqı Komitəsinin dəstəyi ilə Təbiət elmləri və Mühəndislik fakültələrinin bir qrup tələbəsi STEAM innovasiyalar Mərkəzində ekskursiyada olub.
Tələbələrimiz Fizika və onun tədrisi metodikası kafedrasının müdiri dosent Fuad Məmmədovun və Mühəndislik fakültəsinin tyutoru İlhamə Bayramovanın bələdçiliyi ilə mərkəzdə aviasiya məkanı, klassik Nyuton, uşaqlar üçün Nyuton, oyun, konstruksiya, ideya emalatxanası, “Heureka Classics” otaqları, robotların hazırlanması laboratoriyası, “3D hologram”, VR/AR otaqlar, STEAM TV studiyası və Elm Teatrı üçün geniş zalda olublar.
Dördmərtəbəli yeni binada yerləşən Mərkəzin ilk üç mərtəbəsi Elm Muzeyi konseptində hazırlanıb. 4-cü mərtəbəsi isə müxtəlif STEAM modullarının məzmununa uyğun şagirdlər və tələbələr üçün fəaliyyət zonası kimi nəzərdə tutulub.
Mərkəzin SİM kollekviumlar üzrə mütəxəssisi Təranə İbrahimli SDU-nun tələbələrinə qurumun yaranma zərurəti və tarixçəsi ilə bağlı geniş məlumat verib. Mütəxəssis mərkəzin təqdim etdiyi layihələrin tətbiq olunduğu mərhələlər üzrə aparılan sorğularda müsbət dinamikaların qeydə alındığını bildirdi. Bu layihələrin 2022-2026-cı illər Dövlət Proqramına salındığını qeyd edən Təranə İbrahimli innovasiya məktəblərində bilik və bacarıqlar qazanmaq istəyən müdavimlərin 4+ yaşdan sonra təlimlərə başlaya bildiklərini diqqətə çatdırdı.
O da qeyd olundu ki, mərkəzə müraciət edən müxtəlif yaş kateqoriyasında məktəbli və tələbələr öz bacarıqlarını əldə olunan bilik və İKT avadanlıqlarından istifadə yolu ilə gerçəkləşdirə bilirlər.
Müxtəlif modullar üzrə maraqlı eksponantların diqqəti müşahidəçiyə yönəltmək, beyin və hisslərimizin necə hadisələr yaratdığını tələbələr şəxsi nümunələrində gördülər. Onlar “Nipkov diski”nin heyrətamiz hərəkət trayektoriyasını müşahidə, “Donduran yanığ”ı hiss, “Yarış təkərləri”ni dərk etməklə elm, texnologiya, mühəndislik, incəsənət və riyaziyyatın (STEAM) birləşməsi nəticəsində yeni ideyaların reallaşdırılmasının xəyal olmadığını müşahidə etdilər.
 
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az