Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Əmanətlərin Sığortalanması Fondu SDU-da təlimlərə başlayıb
Əmanətlərin Sığortalanması Fondu SDU-da təlimlərə başlayıb
Aprelin 24-də Sumqayıt Dövlət Universitetində Əmanətlərin Sığortalanması Fondu tərəfindən maliyyə xidmətləri təminatçılarının və mütəxəssislərin, əsasən də istehlakçıların maarifləndirilməsi, əmanətlərin qorunması ilə bağlı maliyyə savadlılığının yüksəldilməsi istiqamətində “Əmanətlərin Sığortalanması Sisteminin Maliyyə Sabitliyində rolu” mövzusunda təlim keçirildi.
Təlimdə Əmanətlərin Sığortalanması Fondunun Risklərin idarə edilməsi, təhlil və investisiya departamentinin baş mütəxəssisləri Fərid Kazımzadə, Əli Əhmədli, universitetin İqtisadiyyat və idarəetmə fakültəsinin müəllim və tələbələri iştirak etdilər.
Maliyyə və mühasibat uçotu kafedrasının baş müəllimi Şəlalə Məmmədova, assistent Səmirə Seyidovanın moderatorluğu ilə keçən təlimdə kafedra müdiri dosent Loğman Abdullayev çıxış edərək iştirakçıları salamladı, bu kimi təlimlərin keçirilməsinin uyğun ixtisaslarda təhsil alan tələbələrə praktiki təcrübə verməklə yanaşı, onların gələcək kadr hazırlığı prosesinə də təkan verəcəyini vurğuladı.
Baş mütəxəssis Fərid Kazımzadə çıxış edərək təmsil etdiyi Fondun fəaliyyəti və təlimin əhəmiyyətindən danışdı. Bildirdi ki, Fond yarandığı tarixdən sonrakı illər ərzində kredit təşkilatlarının fəaliyyətinə birbaşa olaraq təsir edərək öz töhfələrini vermiş, vətəndaşlar arasında bank sisteminə güvən və etibarın yaranmasında mühüm rol oynamışdır.
Təlimdə Əli Əhmədli Azərbaycanda əmanətlərin sığortalanması sisteminin təşkili, ƏSF-nin yaradılmasının məqsədi və funksiyaları, risklərin idarə edilməsi sistemində tətbiq olunan tənzimləyici dəyişikliklər, əmanətçilərin hüquqları, habelə praktiki risklərin idarə edilməsi bacarıqları ilə bağlı geniş məlumat verdi.
Sonra mövzu ətrafında fikir mübadiləsi aparıldı, spikerlər tərəfindən iştirakçıların sualları cavablandırıldı.
Qeyd edək ki, iki gün davam edəcək təlimin sonunda iştirakçılara Fond tərəfindən sertifikatlar təqdim olunacaq.
 
Mətbuat xidməti
 
 
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az