Əsas səhifə | Xəbərlər | SDU-da 20 Yanvar şəhidlərinin xatirəsi anıldı
SDU-da 20 Yanvar şəhidlərinin xatirəsi anıldı
Yanvarın 19-da Sumqayıt Dövlət Universitetində “Qanlı Yanvar hadisələri” nin 26-cı ildönümünə həsr olunmuş  tədbir keçirildi.
Öncə professor-müəllim, tələbə heyəti universitetin həyətində qanlı yanvar  zamanı canlarından keçmiş məzun şəhidlərimizin xatirəsinə ucaldılmış abidənin önünə tər güllər düzdülər və  onların ruhunu bir dəqiqəlik sükutla yad etdilər. 
Rektor, professor Elxan Hüseynov  qeyd etdi ki, bu faciə xalqımızın qan yaddaşına əbədi həkk olundu. Xalqımız keçmiş sovet imperiyasının ordusu qarşısına silahsız, əliyalın çıxaraq canlarından keçdilər, şəhidlik zirvəsinə ucalaraq müasir tariximizin qəhrəmanlarına çevrildilər. Milli azadlığı, ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə divan tutulması, yüzlərlə günahsız insanın vəhşicəsinə qətlə yetirilməsi totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi. 140-a yaxın dinc vətəndaşın Sovet qoşunları tərəfindən qətlə yetirilməsinə baxmayaraq, bu hadisələr xalqın mübarizə əzmini qıra bilmədi, əksinə xalqımız daha böyük qüvvə ilə mübarizəsini davam etdirdi və bu proseslərin məntiqi nəticəsi olaraq 1991-ci ildə ölkəmiz müstəqilliyinin bərpasına nail oldu. 1980-ci illərin sonlarında başlayan Milli oyanış hərəkatının 20 yanvar hadisələri ilə yeni bir mərhələyə qədəm qoyuldu, faciəyə ilk siyasi qiyməti ümummilli lider Heydər Əliyev tərəfindən 21 yanvar 1990-cı il tarixində Azərbaycan SSR-in Moskvadakı Daimi Nümayəndəliyində keçirdiyi mətbuat konfransında verildi. 1993-cü ildən sonra isə faciənin səbəblərinin araşdırılması və onu törədənlərin məsuliyyətə cəlb olunması, faciənin əbədiləşdirilməsi və bütün dünya ictimaiyyətinə çatdırılması yönündə mühüm işlər görüldü. Ümummilli liderimiz Heydər Əliyev 20 Yanvar faciəsi zamanı şəhid olanların ailələri, əlil olmuş vətəndaşlarımıza hər zaman diqqət və qayğı göstərdi. Rektor ölkəmizin azadlığı və müstəqilliyi uğrunda şəhid olmuş və sağlamlığını itirmiş şəxslərə Azərbaycan Prezidenti cənab  İlham Əliyev tərəfindən qayğının hər zaman diqqət mərkəzində olduğunu, onlara verilən təqaüd və müavinətlərin artırıldığını bildirdi.
Tədbirdə Tarix və coğrafiya fakültəsinin dekanı, professor Adil Baxşəliyev “20 Yanvar tariximizin qan yaddaşıdır”, Azərbaycan tarixi kafedrasının müdiri, dosent Əmirxan İsayev “Qanlı yanvar hadisələrinin xalqımızın müstəqillik arzularının daha da möhkəmlənməsində rolu” mövzularında çıxış edərək bildirdilər ki, 20 Yanvar faciəsi XX əsrdə insanlığa qarşı törədilmiş zorakılığın, qeyri-insani rəftarın, işgəncələrin ən dəh-şətlilərindən biri olmaqla, hər birimizin yaddaşına «qanlı yanvar gecəsi» kimi həkk olunan, yalnız yüzlərlə insanlara yox, bütövlükdə xalqımıza, millətimizə və respublikamıza qarşı cinayət aksiyası həyata keçirilmişdir. Natiqlər onu da vurğuladılar ki, 20 Yanvar hadisəsi xalqımızın yaddaşına qanlı faciə kimi daxil olsa da, bu tarix ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi yazıldı.
 Şəhid ailələri adından Həmzə Adıyevin bacısı Səadət Adıyeva çıxış edərək onlara göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısı cənab İlham Əliyevə minnətdarlığını bildirdi və qeyd etdi ki, bu gün Prezident İlham Əliyev həmin faciə zamanı həlak olanların ailələrinə, əlil olanlara qayğısını əsirgəmir, onların sosial ehtiyaclarını diqqətdə saxlayır və şəhid ailələrinə maddi yardım göstərir, vətənimizin müstəqilliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi qədirbilən xalqımızın qəlbində daim yaşayır.
Filologiya fakültəsinin  tələbələri Günay Allahquliyeva və Könül İbrahimovanın ifalarında “Qanlı yanvar hadisələri”nə həsr olunmuş vətənpərvərlik ruhlu şeirlər səsləndirildi.
Daha sonra rektor Elxan Hüseynov şəhid ailələrini qəbul etdi. Onların maddi-mənəvi problemləri ilə maraqlandı,  bildirdi ki, universitetimizdə Şəhidlərimizin əziz xatirəsi daima anılır. Onlar bizim qürur mənbəyimizdir.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt, Azərbaycan
43cü məhəllə
AZ5008
Telefon: +994-18 642-16-20
Faks: +994-18 642-02-70
E-Mail: info@sdu.edu.az