Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Sumqayıt Dövlət Universiteti ilə “ATS Food” MMC arasında Əməkdaşlıq Memorandumu imzalanıb
Yerləşdirilmə tarixi : 09 İyul 2024 17:08
Sumqayıt Dövlət Universiteti ilə “ATS Food” MMC arasında Əməkdaşlıq Memorandumu imzalanıb

İyulun 9-da “ATS Food” MMC-nin İcraçı direktoru Tural Hacıyev və rəhbərlik etdiyi nümayəndə heyəti: şirkətin İnsan Resursları direktoru Həbib Vəliyev və şöbə rəhbəri Namiq Mustafayev Sumqayıt Dövlət Universitetində oldular.
Universitetin rektoru dosent Rüfət Əzizov qonaqları salamlayaraq rəhbərlik etdiyi təhsil müəssisəsi, fakültə və ixtisaslar, beynəlxalq əlaqələr, ölkə daxilində əməkdaşlıq etdikləri şirkətlər barədə məlumat verdi. Elm və istehsalat əlaqələrinin sıx qurulmasının qarşılıqlı inkişafının kadr hazırlığı prosesinə, həmçinin təhsilin inkişafına verdiyi töhfələrdən danışdı. Qeyd etdi ki, qloballaşma şəraitində yeni iqtisadi çağırışlara uyğun rəqabətqabiliyyətli mütəxəssislərin hazırlanması, insan kapitalının davamlı və dayanıqlı inkişafına nail olunması Sumqayıt Dövlət Universitetinin qarşıya qoyduğu əsas hədəflərdəndir.
Universitetlə şirkət arasında əlaqələri daha da inkişaf etdirmək üçün belə görüşlərin əhəmiyyətini vurğulayan rektor əməkdaşlığın başqa istiqamətlərdə də irəliləməsi üçün bir sıra təkliflər səsləndirdi.
“ATS Food” MMC - nin İcraçı direktoru Tural Hacıyev Sumqayıt Dövlət Universitetində olmaqdan məmnunluğunu bildirərək, təmsil etdiyi şirkətin fəaliyyət istiqamətləri, həyata keçirdiyi lahiyələr və imkanları barədə danışdı. Qeyd etdi ki, “ATS Food” ölkədə qida sənayesi sektorunda fəaliyyət göstərən şirkətlər qrupudur. Şirkətin missiyası istehsal və emal sahələrini inkişaf etdirməkdir. Şirkətin strukturuna un dəyirmanı, kombinə edilmiş qüvvəli yemlər zavodu, soya emalı zavodu, 2 çörək zavodu, unlu və qənnadı məmulatları fabrikləri daxildir.
Eyni zamanda şirkət rəsmisi memorandum çərçivəsində tələbələrin istehsalat təcrübəsinin təşkili məsələsinə də toxundu, şirkətin bir çox ali təhsil müəssisələri ilə sıx əməkdaşlıq etdiyini diqqətə çatdırdı. Bildirdi ki, tələbələr istehsalat təcrübəsini nəinki Sumqayıtda, digər bölgələrdə də (Quba, Lənkəran, Şəmkir, Qəbələ və s.) keçə bilərlər. Tural Hacıyev Qida təhlükəsizliyi ixtisasına olan tələbdən danışdı. Qeyd etdi ki, davamlı inkişafın təmin olunması dövlətin inkişafının prioritetlərindən biridir, burada kadr potensialının formalaşması və mövcudluğu xüsusi əhəmiyyət daşıyır. Kadr potensialının formalaşmasında ali təhsil müəssisələrinin rolu böyükdür. Bu istiqamətdə ölkənin kadr potensialının formalaşmasında mühüm xidməti olan Sumqayıt Dövlət Universitetindən xüsusi dəstək gözlədiyini bildirdi.
İkitərəfli əməkdaşlıq məsələlərinin müzakirə olunduğu görüşdə şirkətlə universitet arasında bağlanan Əməkdaşlıq Memorandumu, kadr hazırlığı, gələcək layihələr, qarşıda duran planlar və digər məsələlər müzakirə edildi.
Sonra hər iki müəssisə arasında Əməkdaşlıq Memorandumu imzalandı.
Sənədi Sumqayıt Dövlət Universitetinin rektoru Rüfət Əzizov və “ATS Food” MMC-nin İcraçı direktoru Tural Hacıyev imzaladılar.
Memorandum tələbələrin təhsil və karyera inkişafı üzrə sıx əməkdaşlığın təmin edilməsi, təcrübə və fənn proqramlarının uyğunlaşdırılması, qısamüddətli təlim proqramlarının icrası, məzunların işlə təminatı kimi məsələləri nəzərdə tutur. Memoranduma əsasən, “ATS Food” şirkəti və SDU kadr hazırlığının təşkili üçün birgə tədbirlər həyata keçirəcəklər.

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az