Əsas səhifə | Xəbərlər | Sumqayıt Dövlət Universitetinin nümayəndələri Beynəlxalq tədbirdə
Sumqayıt Dövlət Universitetinin nümayəndələri Beynəlxalq tədbirdə

Noyabr ayının 3-də Böyük Britaniyanın Azərbaycandakı “British Council” nümayəndəliyi Hilton otelində Birləşmiş Krallıq  və Azərbaycanın Ali Təhsil Müəssisələri arasında potensial əməkdaşlıq əlaqələrinin qurulmasına dair görüş keçirilmişdir.
Görüşü giriş sözü ilə Britaniya Şurasının Azərbaycandakı ofisinin direktoru Elizabet Uayt açaraq qonaqları salamlamış, Britaniya Şurasının Azərbaycanda fəaliyyəti  barədə məlumat vermişdir.
Görüşdə çıxış edən Azərbaycan Respublikası Təhsil Nazirliyinin Elm və Ali Təhsil Departamentinin baş məsləhətçisi İlham Hümmətov, Azərbaycan Universitetlərinin beynəlxalq proqramlarda iştirakından danışaraq  bildirdi ki, Azərbaycanda təhsilin və elmin dünya səviyyəsinə çıxması, rəqabət üçün belə tədbirlərin keçirilməsi, beynəlxalq əlaqələrin yaradılması çox vacib məsələlərdəndir.
Görüşün ikinci  hissəsində qeyd olundu ki, bu tədbirdə Böyük  Britaniyadan 20 və Azərbaycandan  da 20  aparıcı universitet iştirak edir. Əsas məqsəd Birləşmiş Krallığın  və Azərbaycan Ali Təhsil Müəssisələrinin  nümayəndələrini bir yerə toplamaqla  əməkdaşlıq imkanlarını müzakirə etməkdir. Yəni ortaq maraqları öyrənmək, gələcək əməkdaşlıq imkanlarının qurulması  üçün məlumatların mübadiləsini  təşkil etməkdir.
Bu görüşdə Azərbaycanı təmsil edən  universitetlər arasında Sumqayıt Dövlət Universiteti də  iştirak edirdi.
Sumqayıt Dövlət Universitetinin bir neçə Britaniya universitetləri  ilə gələcək əməkdaşlığının qurulması üçün danışıqlar zamanı aşağıdakı məsələlərə  önəm verilmişdir.
Bakalavr, magistr  və fəlsəfə doktoru hazırlığı üzrə əlaqələrin qurulması, ayrı-ayrı ixtisaslar üzrə distant təhsilin alınması, həmin universitetlərin internet resurslarının istifadəsi və birgə elmi -tədqiqat  işlərinin aparılması müzakirə olunmuşdur.
Görüş tanışlıq məqsədi daşıyırdı. Qeyd etdiklərimizlə yanaşı olaraq, Birləşmiş Krallıq  və Azərbaycan universitetləri arasında tələbə mübadiləsi , iki dərəcəli diplomların tanınması üçün istiqamətlənən tədris planlarının təşkili, professor –müəllim heyətinin də mübadiləsi nəzərdə tutulur.
Görüşdə SDU-nun “Xarici dil (humanitar ixtisaslar üzrə)” kafedrasının müdiri, filologiya elmləri doktoru, dosent Nigar İsgəndərova , “Əcnəbi tələbələrin Hazırlıq Mərkəzinin” müdiri Südabə Məmmədova və “Beynəlxalq Əməkdaşlıq” şöbəsinin əməkdaşı Samirə Məmmədova iştirak etmişdir.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt, Azərbaycan
43cü məhəllə
AZ5008
Telefon: +994-18 642-16-20
Faks: +994-18 642-02-70
E-Mail: info@sdu.edu.az