Əsas səhifə | Xəbərlər | Tələbə Elmi Cəmiyyəti Xocalı faciəsini andı
Tələbə Elmi Cəmiyyəti Xocalı faciəsini andı

Fevralın 26-da Tələbə Elmi Cəmiyyəti öncə Xocalı soyqırımının 24-cü ildönümü münasibətilə universitetin foyesində Azərbaycan xalqının qan yaddaşı olan Xocalı faciəsini əks etdirən rəsm əsərlərinə baxış keçirdi.
Tədbiri giriş sözü ilə TEC-in elmi rəhbəri, dosent İslam Paşayev açdı və Xocalı soyqırımı zamanı qətlə yetirilən insanların xatirəsi bir dəqiqəlik sükutla yad olundu. Dosent İslam Paşayev Xocalı soyqırımı ilə bağlı fikirlərini bildirərək, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında gənclərin üzərinə düşən vəzifələrdən danışdı.O, XX əsrin ən qəddar və dəhşətli hadisələrindən biri olan bu faciənin erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı yürütdüyü etnik təmizləmə və soyqırımı siyasətinin bir səhifəsi olduğunu qeyd etdi və Xocalı faciəsi məhz həmin siyasətin növbəti təzahürü olduğunu iştirakçıların diqqətinə çatdırdı.
Tarix və coğrafiya fakültəsinin II  kurs tələbəsi  Nicat İsmayılov, Mühəndislik fakültəsinin II kurs tələbəsi Amirə Quluzadə, Kimya və biologiya fakültəsinin I kurs tələbəsi Günel Rəhimova, Filologiya fakültəsinin III kurs tələbəsi Həzrət Abasov çıxış edərək “Xocalıya ədalət!” kampaniyası xarici ölkələrdə xüsusilə geniş əks-səda doğurduğunu və  dünyanın bir çox ölkəsi Xocalı faciəsini soyqırımı kimi qəbul etdiyini bildirdilər. Biz gənclər dövlətimizin və dövlət başçımızın yeritdiyi siyasətə həmişə dəstək olub bu yolda haqq səsimizi qaldıracağıq.
Anım mərasimində Xocalı soyqırımının dəhşətlərindən bəhs edən sənədli  film nümayiş olundu. Bildirildi ki, soyqırım haqqında həqiqətlərin dünyaya çatdırılmasında Tələbə Elmi Cəmiyyəti tərəfindən universitetdə keçirilən anım tədbirinin video materialları Yaxın Doğu Universiteti, Beynəlxalq Kipr Universiteti, Sakarya Universiteti və Qazaxıstan Dövlət Universitetində nümayiş olunacaq.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt, Azərbaycan
43cü məhəllə
AZ5008
Telefon: +994-18 642-16-20
Faks: +994-18 642-02-70
E-Mail: info@sdu.edu.az