SDU- da 2 fevral Azərbaycan Gəncləri günü münasibətilə tədbir təşkil edilib. Tədbir SDU- nun Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə baş tutub. Universitetin akademik və inzibati heyətin iştirakı ilə keçirilən tədbiri rektor Rüfət Əzizov açaraq gənclərin cəmiyyətdəki rolu, onların ölkənin inkişafındakı önəmi və təhsildəki nailiyyətlərindən danışıb. Rektor çıxışının davamında bildirib ki, gənclər hər bir ölkənin gələcəyini formalaşdıran ən dinamik və perspektivli qüvvədir. Gənclər Günü ilk dəfə 1997-ci ildə ümummilli lider Heydər Əliyevin sərəncamı ilə qeyd olunub. Bu, Heydər Əliyevin gəncliyə göstərdiyi diqqət və qayğının bir nümunəsi idi. Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə başlanmış və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən gənclər siyasəti bu günümüzdə də gənc nəslə yeni imkanlar və perspektivlər təqdim edir. Azərbaycan dövləti təhsilə xüsusi önəm verir və bu sahənin inkişafı üçün davamlı olaraq ciddi investisiyalar ayırır. Rüfət Əzizov onu da qeyd edib ki, universitetimiz gənclərin potensialını üzə çıxarmaq və onları gələcəkdə ölkənin aparıcı mütəxəssisləri kimi yetişdirmək məqsədilə bir sıra addımlar atıb. Burada tələbələrə yalnız yüksək keyfiyyətli təhsil vermək deyil, eyni zamanda onların yaradıcı və analitik düşünmə bacarıqlarını inkişaf etdirmək üçün müxtəlif proqramlar, layihələr və təlimlər təşkil edilib. Yekunda, Gənclər Günü ilə əlaqədar olaraq Sumqayıt Dövlət Universitetinin gənc əməkdaşlarına rektor tərəfindən hədiyyələr təqdim olunub.