Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Sumqayıt Dövlət Universitetində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə elmi-praktik konfrans keçirilib
Yerləşdirilmə tarixi : 08 May 2025 16:54
Sumqayıt Dövlət Universitetində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə elmi-praktik konfrans keçirilib
Mayın 8-də Sumqayıt Dövlət Universitetində (SDU) “Azərbaycanın gələcəyi Heydər Əliyev irsinin işığında” mövzusunda elmi-praktik konfrans keçirilib. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Sumqayıt Şəhər İcra Hakimiyyəti, Sumqayıt Dövlət Universiteti və Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə baş tutan konfransdan əvvəl tədbir iştirakçıları Ümummilli Liderin universitetin foyesində ucaldılmış büstü önünə gül dəstələri düzüblər. Daha sonra Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən fotolardan ibarət sərgiyə baxış keçirilib.
 
SDU-nun böyük Akt zalında davam edən konfransda Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib. Konfransı giriş sözü ilə açan Sumqayıt Dövlət Universitetinin rektoru vəzifəsini icra edən, AMEA-nın müxbir üzvü, professor Əminağa Sadıqov Ulu Öndər Heydər Əliyevin dahi bir şəxsiyyət kimi mənalı ömür yolundan, onun milli dövlətçiliyimizin möhkəmləndirilməsi və azərbaycançılıq ideologiyasının formalaşdırılmasında göstərdiyi əvəzsiz xidmətlərdən bəhs edib. O, Ulu Öndər Heydər Əliyevin ölkəmizdə elmin və təhsilin inkişafına həmişə böyük diqqət göstərdiyini, Azərbaycan xalqı üçün bütün sahələrdə zəngin irs qoyduğunu vurğulayaraq, gəncləri, xüsusilə onun fəal hissəsi olan tələbələri bu irsdən faydalanmağa səsləyib, təhsil müəssisələrinin bu sahədəki vəzifələrindən danışıb. Heydər Əliyevin alimlərlə, təhsil işçiləri ilə görüşlərində qaldırılan problemlərə həmişə həssas yanaşdığını qeyd edən Əminağa Sadıqov bu ənənələrin Prezident İlham Əliyev tərəfindən də davam etdirildiyini bildirib.

Gənclər və idman nazirinin müavini İndira Hacıyeva Sumqayıtın 2025-ci ilin Gənclər paytaxtı elan olunduğunu tədbir iştirakçılarının diqqətinə çatdıraraq,Sumqayıt Dövlət Universitetində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə bağlı tədbirin yüksək səviyyədə təşkil olunmasından məmnunluğunu ifadə edib. Azərbaycanın hər yerində əbədi iz buraxan Ulu Öndərin Sumqayıt şəhərinin tarixində xüsusi yer tutduğunu qeyd edən nazir müavini, təhsildəki uğurları ilə seçilən Sumqayıt gənclərini bu böyük dövlət xadiminin irsindən bəhrələnməyə çağırıb.
 
Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov bu möhtəşəm tədbirə ev sahibliyi edən Sumqayıt Dövlət Universitetinin kollektivinə və onun rəhbərliyinə təşəkkürünü bildirib. O, Ümummilli Liderin siyasi hakimiyyətinin birinci və ikinci dövrlərində 16 dəfə Sumqayıtda olduğunu qeyd edib və Heydər Əliyevin şəhərin inkişafında oynadığı müstəsna roldan danışıb. Qurucu xarakterə malik olan Heydər Əliyevin keçmiş SSRİ-nin miqyasında da əbədi iz qoyan fəaliyyətindən söz açan Zakir Fərəcov, Baykal-Amur magistralının inşasına məhz onun rəhbərlik etdiyini xatırladıb. Prezident İlham Əliyevin də prezidentliyi dövründə 34 dəfə Sumqayıta səfər etdiyini vurğulayan icra başçısı onu sumqayıtlıların ən böyük dostu adlandırıb.
Çıxış edən Əməkdar Bədən tərbiyəsi və idman xadimi Qərib Əliyev müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı Heydər Əliyevin idmana və idmançılara göstərdiyi diqqət və qayğıdan, Ulu Öndərlə görüşlərindən xatirələrini bölüşüb. O, həmçinin Prezident İlham Əliyevin də Azərbaycan idmanının ən böyük dostu olduğunu vurğulayıb.

SDU-nun baş müəllimi Aysel Şamilova, Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Elmin Novruzlu və digər çıxış edənlər Ümummilli Lider Heydər Əliyev irsinin Azərbaycan gəncliyi üçün bir mayak olduğunu qeyd ediblər. Onlar 19 yaşında “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülmüş sumqayıtlı Vüsal Yaqubovun və Vətən Müharibəsi qazisi Baxış Baxışovun da Ümummilli Liderin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş tədbirdə iştirak etdiklərini qürurla diqqətə çatdırıblar. Tədbir Azərbaycan Milli Konservatoriyasının nəzdində fəaliyyət göstərən Sumqayıt Musiqi Kollecinin təqdimatında Ulu Öndərə həsr olunmuş musiqi nömrələri ilə davam etdirilib.

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
Bakı Küçəsi 1, 43-cü məhəllə
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az