Sumqayıt Dövlət Universitetində Dünya Robot Olimpiadasına həsr olunmuş infosessiya keçirilib
Mayın 15-də Sumqayıt Dövlət Universitetində (SDU) Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin təşəbbüsü ilə VIII Respublika Robot Olimpiadasına hazırlıq məqsədilə maarifləndirici infosessiya keçirilib. İnfosessiyanı SDU-nun İT-proqramları rəhbəri və rektorun müşaviri Əhməd Əhmədzadə açaraq iştirakçılara təşəkkürünü bildirib. O, tələbələrin infosessiya ərzində faydalı məlumatlar əldə edəcəklərinə əminliyini ifadə edib. Ə.Əhmədzadə həmçinin tələbələrə universitetdə informasiya texnologiyaları və mühəndislik sahəsində həyata keçirilən innovativ layihələrdən istifadə etməyi və rəqəmsal bacarıqlarını inkişaf etdirmək üçün yaradılan şəraitdən maksimum faydalanmalarını tövsiyə edib.
Daha sonra AREA Akademiyasının əməkdaşı Kamal Hüseynli Dünya Robot Olimpiadası (WRO) haqqında ətraflı məlumat verib. O, olimpiadanın məqsədləri, qaydaları və iştirak şərtləri barədə danışıb. Bildirib ki, Dünya Robot Olimpiadası 2004-cü ildən keçirilir və Azərbaycan 2017-ci ildən etibarən WRO-nun həqiqi üzvüdür. Dünyanın 95 ölkəsindən iştirakçılar bu olimpiadada öz bacarıqlarını nümayiş etdirirlər. K.Hüseynli beynəlxalq yarışların gənclərin yaradıcı və analitik düşüncə qabiliyyətlərinin inkişafında mühüm rol oynadığını bildirərək, tələbələrə belə yarışlara qatılmalarının əhəmiyyətini vurğulayıb. İnfosessiya çərçivəsində tələbələrin sualları cavablandırılıb, interaktiv müzakirələr aparılıb.