Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Sumqayıt Dövlət Universitetində Magistrantların XXV respublika elmi konfransı öz işinə başladı
Yerləşdirilmə tarixi : 15 May 2025 12:21
Sumqayıt Dövlət Universitetində Magistrantların XXV respublika elmi konfransı öz işinə başladı
Mayın 15-də Sumqayıt Dövlət Universitetində (SDU) ölkəmizin ali təhsil müəssisələrinin magistrantları, professor-müəllim heyəti və struktur rəhbərlərinin iştirakı ilə Magistrantların XXV Respublika Elmi Konfransının açılışı baş tutub. Tədbirdən öncə iştirakçılar Ümummilli Lider Heydər Əliyevin universitetin foyesindəki abidəsi önünə güllər düzüb, dahi şəxsiyyətin xatirəsini ehtiramla yad ediblər. Konfransın açılış mərasimi universitetin Böyük akt zalında baş tutub. Tədbir Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanların xatirəsinin bir dəqiqəlik sükutla anılması ilə başlayıb, daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

SDU-nun rektoru vəzifəsini icra edən, AMEA-nın müxbir üzvü, professor Əminağa Sadıqov konfransa uğurlar arzulayaraq, tədbirin Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunduğunu qeyd edib. Professor bildirib ki, Heydər Əliyev siyasətçi və rəhbər kimi dünya miqyasında nüfuz qazanmış, dahi şəxsiyyətə çevrilmişdir və bu zirvənin əsasında elmə və biliyə verdiyi dəyər dayanır: “Biliklərə yiyələnməyi Heydər Əliyevdən öyrənmək lazımdır”. Əminağa Sadıqov SDU-da magistrantlar üçün hər il ənənəvi şəkildə keçirilən elmi konfransı mühüm hadisə kimi qiymətləndirərək, iştirakçı magistrantları ölkəmizin gələcək tədqiqatçıları və alimləri kimi gördüyünü vurğulayıb. O, bu cür platformaların gənc alimlərin formalaşmasında və elmi fəaliyyətə təşviqində mühüm rol oynadığını bildirib: “Əminəm ki, burada qazandığınız təcrübə və quracağınız kommunikasiyalar gələcək həyatınızda öz təsirini göstərəcək”. Universitetin əsas vəzifələrindən birinin hərtərəfli inkişaf etmiş vətəndaşlar yetişdirmək olduğunu bildirən professor əlavə edib ki, biliklərin tətbiqi, paylaşılması və ötürülməsi cəmiyyət üçün dəyərlər yaradır və bu da gərəkli vətəndaş olmağın əsas göstəricisidir.

SDU-nun elm və innovasiyalar üzrə prorektoru, dosent Elşad Abdullayev konfransın icmalı ilə çıxış edib. O, tədbirin əsas məqsədinin ölkənin müxtəlif ali təhsil müəssisələrinin magistrantları arasında elmi tədqiqat nəticələrinin təqdimatı və bu nəticələr ətrafında müzakirələrin aparılması olduğunu qeyd edib. Prorektor bildirib ki, konfransa 18 ali təhsil müəssisəsindən 500-dən artıq tezis təqdim olunub. Plagiat yoxlamalarından sonra 474 tezis qəbul edilərək konfransın proqramına daxil edilib. Plenar iclasda bir sıra ali təhsil müəssisələrinin magistrantları elmi məruzələrlə çıxış ediblər. Azərbaycan Dövlət Neft və Sənaye Universitetindən Nihat Kərimov, Bakı Dövlət Universitetinin magistrantı Aynurə Mustafayeva, Sumqayıt Dövlət Universitetinin magistrantları Nigar Xanəliyeva və Yeganə İbrahimli, Bakı Slavyan Universitetinin magistrantı Səkinə Mehdiyeva çıxış edərək məruzələrini təqdim ediblər. Plenar iclasdan sonra konfrans işini bölmələr üzrə davam etdirəcək. İki gün davam edəcək tədbirdə region universitetlərinin magistrantlarının da onlayn formatda iştirak etməsi üçün şərait yaradılıb.

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
Bakı Küçəsi 1, 43-cü məhəllə
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az