Mayın 26-da Sumqayıt Dövlət Universitetinin Heydər Əliyev Mərkəzində 28 May - Müstəqillik Gününə həsr olunmuş “Azərbaycan dövlət müstəqilliyi, milli azadlığı əbədidir” mövzusunda elmi-praktik seminar keçirilib. Seminarı giriş sözü ilə açan universitetin rektoru v.i.e., AMEA-nın müxbir üzvü, professor Əminağa Sadıqov iştirakçıları qarşıdan gələn Müstəqillik Günü münasibətilə təbrik edib. Bildirib ki, 28 May tarixi təkcə siyasi müstəqilliyin elan olunduğu gün deyil, həm də Azərbaycan xalqının azadlıq ruhunun və dövlətçilik ənənələrinin simvoludur. Professor çıxışında Azərbaycan Xalq Cümhuriyyətinin qısa müddət ərzində həyata keçirdiyi mühüm dövlət quruculuğu tədbirlərindən, xüsusilə təhsil sahəsində atılan addımlardan bəhs edib. Qeyd edib ki, Cümhuriyyət dövründə ali təhsilin təşkili və milli kadrların hazırlanması sahəsində əsaslı təşəbbüslər gerçəkləşdirilib. Əminağa Sadıqov onu da vurğulayıb ki, Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay fəaliyyət göstərib, bu qısa dövr xalqımızın dövlət qurmaq iradəsini və müstəqil yaşamaq əzmini nümayiş etdirib. Bu irs 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə gələn görkəmli dövlət xadimi Heydər Əliyevin uzaqgörən siyasəti ilə möhkəmləndirilib. Hazırda isə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan güclü, qalib və suveren bir dövlət kimi beynəlxalq aləmdə nüfuzunu daha da artırır.
Seminarın davamında proqram üzrə məruzələr dinlənilib. Azərbaycan və Şərqi Avropa xalqları tarixi kafedrasının müdiri, professor Şirxan Səlimov “Azərbaycan Xalq Cümhuriyyəti - Şərqin ilk demokratik respublikası”, Biznesin idarə edilməsi kafedrasının professoru Şəfa Əliyev “Müstəqil Azərbaycanın inkişaf modeli və dayanıqlı gələcək strategiyaları”, Pedaqogika və psixologiya kafedrasının dosenti Sevər Mirzəyeva “Ulu Öndər Heydər Əliyev: Müstəqil dövlət quruculuğunda strateji liderlik nümunəsi”, Tarix və coğrafiya fakültəsinin III kurs tələbəsi Rahil Cəfərov “Heydər Əliyev siyasi kursunun uğurlu davamı: İlham Əliyev və suveren Azərbaycan” mövzusunda çıxış ediblər. Sonra Müstəqillik Gününə həsr olunmuş videoçarx nümayiş olunub.