Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Sumqayıt Dövlət Universitetində IV Sumqayıt Kitab Sərgisi keçirilib
Yerləşdirilmə tarixi : 27 May 2025 18:57
Sumqayıt Dövlət Universitetində IV Sumqayıt Kitab Sərgisi keçirilib

Mayın 27-də Sumqayıt Dövlət Universitetinin (SDU) Kitabxana-İnformasiya Mərkəzi və Azərbaycan Nəşriyyatları Assosiasiyası İctimai Birliyinin (ANAİB) birgə təşkilatçılığı ilə Milli Mətbuatın 150 illiyinə həsr olunmuş IV Sumqayıt Kitab Sərgisi keçirilib.

Sərgiyə start verilməzdən əvvəl baş tutan panel iclasında SDU-nun rektoru v.i.e., AMEA-nın müxbir üzvü, professor Əminağa Sadıqov professor-müəllim heyətini və qonaqları – Milli Məclisin deputatları Hikmət Məmmədov, Vüqar Rəhimzadə, Elnarə Akimova və xalq şairi Sabir Rüstəmxanlını salamlayaraq, Azərbaycan milli mətbuatının şərəfli inkişaf yolu barədə geniş məlumat verdi. Bildirdi ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə milli mətbuatın 150 illiyi bu il ölkə üzrə geniş şəkildə qeyd olunur. Bu münasibətlə SDU-da keçirilən kitab sərgisi həm elmi-mədəni əhəmiyyət daşıyır, həm də tələbə və müəllimlərdə kitaba marağın artmasına xidmət edir.

Professor Əminağa Sadıqov çıxışında Ulu Öndər Heydər Əliyevin ölkəmizdə mətbuatın inkişafındakı misilsiz xidmətlərini vurğulayaraq qeyd etdi ki, azad və obyektiv medianın formalaşmasına hər zaman xüsusi diqqət yetirən Ümummilli Liderin bu siyasəti hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Milli mətbuatın 150 illik yubileyinin yüksək səviyyədə keçirilməsi bunun bariz nümunəsidir.

Panelin növbəti çıxışçısı – xalq şairi, deputat Sabir Rüstəmxanlı SDU-da ilk dəfə olduğunu vurğulayaraq sərginin təşkilinə görə universitet rəhbərliyinə təşəkkür etdi. O, universitetin elm və maarifin mərkəzi olduğunu qeyd edərək dedi: “Belə tədbirləri yüksək qiymətləndiririk. Kitabla müəllim və tələbələrin görüşü bir bayramdır”. Sabir Rüstəmxanlı, müstəqillik dövründə ilk azad və demokratik mətbuat nümunələrindən biri olan “Azərbaycan” qəzetinə rəhbərlik etdiyini xatırladaraq, 150 il əvvəl milli mətbuatın əsasını qoyan maarifçiləri yad etdi: “Onlar bizdən əsr yarım əvvəl yaşasalar da, fikir və ideya baxımından hər birimizin müəllimləridir”. Panel iclasının davamında Milli Məclisin üzvləri – Hikmət Məmmədov, Elnarə Akimova və Vüqar Rəhimzadə çıxış edərək mətbuatın cəmiyyət həyatındakı rolu, müasir çağırışlar və qarşıda duran vəzifələr barədə fikirlərini bölüşdülər.

Deputat Hikmət Məmmədov “Media və demokratiya: Jurnalistikanın cəmiyyətin inkişafında rolu” mövzusunda çıxış edərək qeyd etdi ki, demokratik cəmiyyətin formalaşmasında azad və məsuliyyətli medianın rolu əvəzsizdir. O, jurnalistikanın ictimai rəyin formalaşmasındakı əhəmiyyətindən danışaraq, media nümayəndələrinin maarifləndirici və tənqidi yanaşma qabiliyyətlərinin daha da inkişaf etdirilməsinin vacibliyini vurğuladı.

Deputat Elnarə Akimova “İnformasiya müharibəsi və Azərbaycan mətbuatı” mövzusunda çıxışında müasir dövrdə informasiya təhlükəsizliyi və media məkanında gedən proseslərə diqqət çəkdi. O bildirdi ki, xüsusilə informasiya müharibəsinin getdiyi dövrlərdə milli mətbuatın çevik, doğru və etibarlı mövqeyi dövlətin maraqlarının müdafiəsində mühüm rol oynayır.

Deputat Vüqar Rəhimzadə isə “Media savadlılığı: Cəmiyyətin məlumatlandırılması və dezinformasiyaya qarşı mübarizə” mövzusunda çıxış edərək, rəqəmsal dövrdə informasiya savadlılığının artırılmasının əhəmiyyətini vurğuladı. O qeyd etdi ki, bu gün cəmiyyətin maariflənməsi, dezinformasiyanın qarşısının alınması və düzgün informasiya axınının təmin olunması üçün media orqanları ilə yanaşı, təhsil müəssisələridə fəal olmalıdırlar. Çıxışların yekununda natiqlər belə əhəmiyyətli tədbirin təşkilinə görə Sumqayıt Dövlət Universitetinin rəhbərliyinə və Azərbaycan Nəşriyyatları Assosiasiyasına (ANAİB) təşəkkürlərini bildirdilər.

Panel iclasından sonra iştirakçılar SDU-nun Kitabxana-İnformasiya Mərkəzində tələbə və müəllimlər üçün yaradılan müasir şəraitlə tanış oldular. Ardınca tədbir universitetin əsas binasının qarşısında təşkil edilən sərgi ilə davam etdi. Burada müxtəlif nəşriyyatların təqdim etdiyi nəşrlər, Azərbaycan mətbuatının tarixinə dair kitablar və tanınmış müəlliflərin əsərləri nümayiş olundu. Uuniversitet rəhbərliyi, millət vəkilləri və digər iştirakçılar sərgidə qurulan stendlərlə yaxından tanış oldular. Tələbələr isə ölkəmizdə tanınmış yazar və jurnalistlərlə – yazıçı-jurnalist Varis Yolçiyev, alim-filoloq və publisist Şəmil Sadiq, hərbi jurnalist Səxavət Məmmədov, ehtiyatda olan polkovnik-leytenant, detektiv yazıçı və psixoloq Elbrus Kəlbiyev və digərləri ilə maraqlı söhbətlər etdilər. Sərgi tələbələrin ifasında təqdim olunan rəngarəng konsert proqramı ilə davam etdi. Qeyd edək ki, IV Sumqayıt Kitab Sərgisi mayın 28-də də SDU-da fəaliyyətini davam etdirəcək. Sərgi çərçivəsində tanınmış şair və yazıçılarla görüşlər, yeni nəşrlərin təqdimatları və müəllif imza günləri keçiriləcək.

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
Bakı Küçəsi 1, 43-cü məhəllə
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az