Mayın 30-da Sumqayıt Dövlət Universitetinin (SDU) həyətində 1 İyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Filologiya fakültəsinin Məktəbəqədər təhsil ixtisasının tələbələri ilə Sumqayıt şəhərində fəaliyyət göstərən 5, 11, 28 və 39 saylı dövlət və özəl körpələr evi-uşaq bağçalarının birgə təşkilatçılığı ilə “Uşaqların dünyasına səyahət” adlı tədbir keçirilib. Tədbirdə Dövlət Himni səsləndirilib. Torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra açılış nitqi ilə Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektor, dosent Elmar Xəlilov çıxış edərək 1 İyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə balacaları səmimi qəlbdən təbrik edib, onların qalib Azərbaycan dövlətinin layiqli vətəndaşları kimi yetişmələrini, sağlam və xoşbəxt gələcək yaşamalarını arzulayıb. O, SDU-nun son dövrlərdə müxtəlif istiqamətlər üzrə qurduğu əməkdaşlıq münasibətlərindən bəhs edib, universitetin inkişaf strategiyasına da toxunub. Bildirib ki, son illər ərzində universitet sənaye müəssisələri, ümumtəhsil məktəbləri və bu günkü tədbirdə təmsil olunan körpələr evi-uşaq bağçaları ilə əməkdaşlığını genişləndirərək, tələbələrə real mühitdə təcrübə keçmək imkanı yaradır. Bu isə ali təhsilin əmək bazarına uyğunlaşdırılması baxımından xüsusi əhəmiyyət daşıyır. Dosent Elmar Xəlilov tədbirin təşkilinə görə təşkilatçılara dərin təşəkkürünü bildirib. Tədbirdə Abşeron–Xızı Regional Təhsil İdarəsinin nümayəndəsi də iştirak edib
Bununla yanaşı, fakültə dekanı, dosent Günel Paşayeva, Pedaqogika və psixologiya kafedrasının müdiri, dosent Aytəkin Məmmədova çıxış edərək universitetlə məktəbəqədər təhsil müəssisələri arasında əməkdaşlığın tələbələrin pedaqoji bilik və bacarıqlarını real mühitdə tətbiq etmələrinə şərait yaratdığını və onların peşəkar inkişafına mühüm töhfə verdiyini vurğulayıblar. Onlar göstərilən dəstəyə görə körpələr evi-uşaq bağçalarının müdirlərinə təşəkkürlərini ifadə edərək, universitet rəhbərliyi adından onlara sertifikatlar təqdim ediblər. Tədbirdə universitetin tələbələri ilə yanaşı, körpələr evi-uşaq bağçalarının balaca fidanları da səhnəyə çıxaraq musiqili nömrələr və maraqlı səhnəciklərlə çıxış ediblər. Tədbirin sonunda SDU ilə fəal əməkdaşlıq edən körpələr evi–uşaq bağçalarının rəhbərlərinə təşəkkürnamə təqdim olunub. Bu təqdimat universitetlə məktəbəqədər təhsil müəssisələri arasında səmərəli tərəfdaşlığın rəmzi kimi qiymətləndirilib.