Mayın 30-da Sumqayıt Dövlət Universitetində 2024–2025-ci tədris ilinin yaz semestrinin imtahan sessiyasına hazırlıq çərçivəsində nəzarətçilər üçün təlim xarekterli infosessiya təşkil olunub. Elm və innovasiyalar üzrə prorektor, dosent Elşad Abdullayev çıxışında imtahan sessiyasının təşkili zamanı mövcud təhsil qanunvericiliyinə, normativ sənədlərə və daxili qaydalara riayət edilməsinin zəruriliyini vurğulayıb. O, nəzarət mexanizmlərinin gücləndirilməsinin vacibliyinə diqqət çəkərək, bu prosesdə müəllim heyətinin və imtahan nəzarətçilərinin üzərinə xüsusi məsuliyyət düşdüyünü bildirib.
Tədris Metodiki Mərkəzin direktoru, dosent Osman Hacıyev nəzarətçilər üçün nəzərdə tutulmuş imtahan təlimatlarını təqdim edib. Təqdimat zamanı o, imtahanların təşkili və keçirilməsində riayət olunmalı əsas prinsiplər, nizam-intizam qaydaları və diqqət yetirilməli vacib məqamlar haqqında ətraflı məlumat verib. Dosent Osman Hacıyev, müəllim və koordinatorların səsləndirdikləri sualları cavablandırıb, imtahan sessiyasının effektiv və şəffaf təşkili ilə bağlı təklifləri dinləyib. Sonra Tədris Metodiki Mərkəzin baş mütəxəssisi Sabir Behbudov çıxış edərək imtahan cədvəlləri, növbəlilik prinsipi və təşkilati məsələlərlə bağlı iştirakçıları məlumatlandırıb.