Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 13-cü iclasında müəyyən olunmuş tapşırıqların icrası və elm, ali təhsil sahəsində əlaqələrin genişləndirilməsi məqsədilə 28-29 may 2025-ci il tarixlərində Özbəkistanın Əndican şəhərində “Azərbaycan-Özbəkistan: Ali təhsildə əməkdaşlığın inkişafında prioritet istiqamətlər” mövzusunda Rektorların 1-ci Forumu keçirilib.
Tədbir Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin təşkilatçılığı və nazir müavini İdris İsayevin rəhbərlik etdiyi nümayəndə heyətinin Özbəkistana səfəri çərçivəsində baş tutub. Forumda hər iki ölkənin ali təhsil müəssisələrinin rəhbərləri, elm və təhsil nümayəndələri iştirak ediblər.
Sumqayıt Dövlət Universitetinin rektor v.i.e., AMEA-nın müxbir üzvü, professor Əminağa Sadıqov Forumda iştirak edərək, " Mərkəzi Asiyada və Qafqazda iqlimə dayanıqlı təhsil və tədqiqat" (“Climate-Resilient Education and Research in Central Asia and the Caucasus") mövzusunda məruzə ilə çıxış edib.
Forumun açılış mərasimində çıxış edən Özbəkistan Respublikasının ali təhsil, elm və innovasiyalar nazirinin birinci müavini Şaxrux Daliyev və Azərbaycan Respublikasının elm və təhsil nazirinin müavini İdris İsayev iki ölkə arasında elm və ali təhsil sahəsində əməkdaşlığın genişləndiyini vurğulayıblar. Onlar, həmçinin, bu forumun universitetlərarası tərəfdaşlığın gücləndirilməsi, birgə layihələrin həyata keçirilməsi və akademik mübadilələrin təşviqi baxımından mühüm platforma olduğunu qeyd ediblər. Sessiyalar zamanı ikili diplom proqramlarının yaradılması, tələbə və müəllim mübadiləsi, birgə elmi tədqiqatların aparılması və ali məktəblərin beynəlxalq reytinqlərdə mövqelərinin yaxşılaşdırılması istiqamətində fikir mübadiləsi aparılıb. Forum çərçivəsində SDU ilə Özbəkistanın aparıcı ali təhsil müəssisələri arasında əməkdaşlıq perspektivləri müzakirə olunub, müxtəlif istiqamətlərdə tərəfdaşlıq imkanları barədə ilkin razılıqlar əldə edilib. Sumqayıt Dövlət Universiteti ilə Əndican Dövlət Universiteti arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.