İyunun 20-də Sumqayıt Dövlət Universitetində Karyera və Məzunlarla İş Mərkəzi və Təhsilin İnkişaf Fondunun birgə təşkilatçılığı ilə müəllimlərin sosial təminatının gücləndirilməsi və maddi rifahının yüksəldilməsinə yönəlmiş “TəhsilPlus” kartı ilə bağlı təqdimat xarakterli görüş keçirilib. Universitetin Elm və innovasiyalar üzrə prorektoru Elşad Abdullayev açılış nitqi ilə çıxış edərək tədbirin əhəmiyyətindən bəhs edib və qeyd edib ki, “TəhsilPlus” layihəsi müəllimlərin sosial rifahının yaxşılaşdırılması baxımından xüsusi əhəmiyyət daşıyır. O, həmçinin vurğulayıb ki, bu layihə ali təhsil müəssisələrində innovativ tədris metodlarının tətbiqinə və müəllimlərin peşəkar inkişafına mühüm töhfə verəcək.
Sonra Təhsilin İnkişafı Fondunun Layihələrin idarə olunması şöbəsinin müdiri Rəsul Həşimov çıxış edərək fond tərəfindən həyata keçirilən sosial və iqtisadi layihələr barədə iştirakçılara ətraflı məlumat verib. O, xüsusilə “TəhsilPlus” kartının müəllimlər və pedaqoji heyət üçün yaradacağı geniş imkanlara toxunaraq bu təşəbbüsün onların sosial rifahının gücləndirilməsi və peşəkar fəaliyyətlərinin stimullaşdırılması baxımından əhəmiyyətini vurğulayıb. Görüş interaktiv müzakirələrlə davam edib. Rəsul Həşimov qeyd edib ki, belə görüşlərin məqsədi müəllimlər və pedaqoji heyətlə birbaşa fikir mübadiləsi aparmaq, onların rəylərini öyrənmək və bu əsasda “TəhsilPlus” kartının funksionallığını və tətbiq imkanlarını real ehtiyaclara uyğun şəkildə daha da təkmilləşdirməkdir. Sonda Karyera və Məzunlarla İş Mərkəzinin direktoru v.i.e., Ruhəngiz Əmirova Təhsilin İnkişaf Fondunun təhsil işçilərinin rifahına yönəlmiş “TəhsilPlus” layihəsinə görə Rəsul Həşimova öz təşəkkürünü bildirib.