Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Sumqayıt Dövlət Universitetində Silahlı Qüvvələr Gününə həsr olunmuş elmi-praktik seminar keçirilib
Yerləşdirilmə tarixi : 24 İyun 2025 19:19
Sumqayıt Dövlət Universitetində Silahlı Qüvvələr Gününə həsr olunmuş elmi-praktik seminar keçirilib


26 iyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü münasibətilə Sumqayıt Dövlət Universitetində “Azərbaycan Ordusunun tarixi inkişaf yolu, parlaq zəfərləri və inkişaf perspektivləri” mövzusunda elmi-praktik seminar təşkil olunub. Tədbirdən öncə seminar iştirakçıları universitetin həyətində ucaldılmış şəhid tələbə və məzunların xatirə abidəsini ziyarət edərək önünə gül dəstələri qoyublar. Universitetin Heydər Əliyev Mərkəzində davam edən seminarda Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Seminarı giriş sözü ilə açan universitetin rektoru v.i.e., AMEA-nın müxbir üzvü, professor Əminağa Sadıqov iştirakçıları salamlayaraq Azərbaycan Silahlı Qüvvələri Günü münasibətilə təbriklərini çatdırıb. O, ölkəmizin ordu quruculuğunda keçdiyi şərəfli inkişaf yolundan bəhs edib və bildirib ki, bu əlamətdar gündə hərbçilərimizə dərin minnətdarlığımızı və ehtiramımızı bildiririk, şəhidlərimizin ruhu qarşısında baş əyirik.
Bildirilib ki, tədbirdə universitetin əməkdaşları olan şəhid ailələrinin nümayəndələri də iştirak edir. Rektor xüsusi olaraq qeyd edib ki, bu gün universitetin əməkdaşı, şəhid anası Tacə Vahabovanın doğum günüdür. O, oğlunun Vətənin azadlığı uğrunda göstərdiyi şücaətə görə Tacə xanıma təşəkkür edib və bayram münasibətilə onu təbrik edib.

Professor Əminağa Sadıqov çıxışında vurğulayıb ki, 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə ordu quruculuğu sahəsində geniş islahatlara başlanılıb. Qısa müddətdə müasir tələblərə cavab verən milli ordu formalaşdırılıb. Bu proses bu gün də Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Məhz onun uzaqgörən siyasəti nəticəsində Azərbaycan Ordusu cənubi Qafqazda ən güclü hərbi qüvvəyə çevrilib.
Rektor əlavə edib ki, Prezident İlham Əliyevin həm dövlət başçısı, həm də Ali Baş Komandan kimi fəaliyyəti dünya siysətçiləri və hərbi ekspertləri tərəfindən geniş müzakirə və təqdir edilir. Tədbirdə qeyd olunub ki, Azərbaycan Ordusunun qazandığı zəfərlər və göstərdiyi qəhrəmanlıq nümunələri hər bir vətəndaş üçün qürur və inam mənbəyidir. Bu ordu həm də gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində mühüm rol oynayır.

Daha sonra seminar Azərbaycan və Şərqi Avropa Xalqları Tarixi kafedrasının dosenti Əmirxan İsayevin “Azərbaycan Silahlı Qüvvələrinin yaradılması: İlk müstəqil hərbi təcrübə”, Mülki müdafiə, tibbi və fiziki hazırlıq kafedrasının baş müəllimləri, ehtiyatda olan mayorlar Bilal Əhmədovun “Ulu Öndər Heydər Əliyevin ordu quruculuğunun peşəkarlaşdırılması siyasəti: Strategiyalar, islahatlar və inkişaf mərhələləri” və İlham Məmmədovun “Prezident İlham Əliyevin rəhbərliyi ilə hərbi potensialın gücləndirilməsi və modernləşdirilməsi”, eləcə də Təbiət elmləri fakültəsinin tələbəsi, Vətən müharibəsi iştirakçısı və qazi Hüsü Sarıyevin “İkinci Qarabağ müharibəsi: Azərbaycan Ordusunun tarixi zəfəri və postmüharibə dövrünün perspektivləri” mövzularında məruzələri ilə davam edib. Məruzələrdə Azərbaycanın hərbi inkişaf yolu, milli ordu quruculuğunun əsas mərhələləri və 44 günlük Vətən müharibəsində əldə olunan tarixi zəfər ətraflı təhlil olunub. Qeyd olunub ki, bu zəfər yalnız hərbi uğur deyil, həm də xalqımızın milli həmrəyliyinin, vətənpərvərlik ruhunun və tarixi ədalətin bərpasının təcəssümüdür. Seminarın sonunda Silahlı Qüvvələr Gününə həsr olunmuş videoçarx nümayiş etdirilib.

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
Bakı Küçəsi 1, 43-cü məhəllə
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az