SDU-nun rektoru v.i.e. Əminağa Sadıqov “SOCAR Türkiyə” yay təcrübə proqramına qatılan tələbələri qəbul edib
Sumqayıt Dövlət Universitetinin (SDU) Mühəndislik fakültəsinin dörd tələbəsi (Telman Adıgözəlov, Sənan Musazadə, Fərid Məmmmədov, Solmaz Qənbərova) “SOCAR Türkiyə” də yay təcrübə proqramında iştirak etmək imkanı qazanıblar. Onlardan 3-ü Proseslərin avtomatlaşdırılması mühəndisliyi, 1-i isə Kimya mühəndisliyi ixtisasında təhsil alır. İyulun 8-də universitetin rektoru v.i.e., AMEA-nın müxbir üzvü, professor Əminağa Sadıqov yay təcrübə proqramında iştirak edəcək tələbələrlə görüşüb. Görüş zamanı Əminağa Sadıqov universitetin tələbələrin peşəkar inkişafına və əmək bazarına hazırlıq səviyyəsinin yüksəldilməsinə yönəlmiş məqsədyönlü fəaliyyətini vurğulayıb. Professor Əminağa Sadıqov tələbələrin ixtisaslarının əmək bazarında prioritet təşkil etdiyini qeyd edərək, bu sahələrin sənayedə geniş tətbiq imkanlarına malik olduğunu diqqətə çatdırıb. Eyni zamanda, o, tələbələrlə söhbət zamanı onların təcrübə proqramına seçilmək üçün keçdikləri müsahibə mərhələsi ilə maraqlanıb, proqramın əhəmiyyəti barədə fikirlərini dinləyib və onlara xarici dil biliklərini daim inkişaf etdirməyi tövsiyə edib.
Mühəndislik fakültəsinin dekanı, dosent Ulduz Ağayev çıxış edərək “SOCAR Downstream” və “SOCAR Türkiyə”nin tələbələrimizə davamlı dəstək göstərdiyini qeyd edib. Bildirib ki, hər il SDU tələbələri SOCAR-ın müxtəlif idarə və istehsalat müəssisələrində, ölkəmizdə fəaliyyət göstərən beynəlxalq şirkətlərdə, eləcə də qardaş Türkiyənin “Petkim” şirkətində təcrübə proqramlarına cəlb olunurlar. Dosent Ulduz Ağayev onu da əlavə edib ki, tələbələrimiz iyul ayının 9-dan avqustun 7-dək Heydər Əliyev adına Neft Emalı Zavodunda, avqustun 11-dən sentyabrın 5-dək isə “SOCAR Türkiyə”də istehsalat təcrübəsi keçəcəklər. Universitetin Karyera və Məzunlarla iş Mərkəzinin direktoru əvəzi Ruhəngiz Əmirova çıxış edərək mərkəzin həyata keçirdiyi fəaliyyətlər və qarşıda duran yeniliklər haqqında ətraflı məlumat verib. Karyeralarına atılan ilk addım kimi bu təcrübə proqramlarının tələbələr üçün mühüm önəm daşıdığını qeyd edib. Tələbələr də öz növbələrində çıxış edərək təhsil aldıqları ixtisasları barədə məlumat verib, gələcəkdə peşəkar kadr kimi formalaşmalarına göstərilən dəstəyə və yaradılan imkanlara görə universitetin rektoru v.i.e., professor Əminağa Sadıqova təşəkkürlərini ifadə ediblər.