Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Türkiyənin Çağ Universitetinin rektoru Sumqayıt Dövlət Universitetinə səfər edib
Yerləşdirilmə tarixi : 10 İyul 2025 17:37
Türkiyənin Çağ Universitetinin rektoru Sumqayıt Dövlət Universitetinə səfər edib
Sumqayıt Dövlət Universitetində (SDU) beynəlxalq tərəfdaşlıq istiqamətində növbəti önəmli görüş keçirilib. İyulun 10-da Türkiyənin aparıcı ali təhsil müəssisələrindən biri olan Çağ Universitetinin rektoru, professor Murat Koç Sumqayıt Dövlət Universitetində olub. Universitetin rektoru v.i.e., AMEA-nın müxbir üzvü, professor Əminağa Sadıqov türkiyəli həmkarını salamlayaraq, onu universitetdə görməkdən məmnunluğunu ifadə edib. O, Azərbaycan və Türkiyə arasında mövcud olan dostluq və qardaşlıq münasibətlərinə toxunaraq, bu əlaqələrin elm və təhsil sahəsində də strateji əhəmiyyət daşıdığını vurğulayıb. Bildirib ki, SDU Türkiyənin müxtəlif ali təhsil müəssisələri ilə sıx əməkdaşlıq əlaqələri qurub və bu tərəfdaşlıq uğurla davam etdirilir. Hər il universitetin tələbələri “SOCAR Türkiyə” şirkətində istehsalat təcrübəsi keçərək praktiki biliklərini artırmaq imkanı qazanırlar. Professor Əminağa Sadıqov çıxışında həmçinin Sumqayıt Dövlət Universitetinin sənaye şəhərinin yeganə ali təhsil müəssisəsi kimi regionun elmi və pedaqoji potensialının formalaşmasında mühüm rol oynadığını qeyd edib. O, universitetin keçdiyi tarixi inkişaf yolunu, son illərdə əldə olunan uğurları və aparılan elm və tədris islahatlarını diqqətə çatdırıb. Bildirib ki, klassik universitet modelinə malik olan Sumqayıt Dövlət Universitetində kadr hazırlığı çoxprofilli xarakter daşıyır. Burada müxtəlif sahələr üzrə mütəxəssis hazırlığı ilə yanaşı, pedaqoji ixtisaslar üzrə də peşəkar kadrların yetişdirilməsi həyata keçirilir. Universitet müasir təhsil və tədqiqat mühitinin yaradılmasına xüsusi önəm verərək, bu istiqamətdə qlobal təhsil trendlərinə uyğun ardıcıl və məqsədyönlü fəaliyyət həyata keçirir. Məhz bunun nəticəsi olaraq, Sumqayıt Dövlət Universiteti ilk dəfə olaraq dünyanın nüfuzlu ali təhsil müəssisələrini əhatə edən “QS 2026 Dünya Universitetləri Reytinqi” siyahısında yer almağa nail olub. Professor Murat Koç da səmimi qarşılanmaya görə təşəkkürünü bildirib və rəhbərlik etdiyi universitetin strukturu, akademik proqramları və beynəlxalq əməkdaşlıq imkanları barədə məlumat verib. Qonaq çıxışında Türk Dövlətləri Təşkilatına üzv ölkələrin, əlaxüsus Azərbaycanın ali təhsil müəssisələri ilə əməkdaşlığa xüsusi önəm verdiyini vurğulayıb. Bu çərçivədə Sumqayıt Dövlət Universiteti ilə əməkdaşlıq qərarının təsadüfi olmadığını qeyd edərək, SDU-nun regionun aparıcı ali təhsil ocaqlarından biri kimi elmi potensialı, beynəlxalq fəallığı və davamlı inkişaf dinamikasının bu seçimdə həlledici rol oynadığını bildirib. O, bu görüşün gələcəkdə iki ali məktəb arasında daha sıx və məhsuldar əməkdaşlığa zəmin yaradacağına inandığını vurğulayıb.
 
Görüş çərçivəsində tərəflər arasında ali təhsil sahəsində mümkün əməkdaşlıq istiqamətləri müzakirə olunub. Akademik və tələbə mübadiləsi, birgə elmi tədqiqat layihələri, konfrans və tədbirlərin təşkili, həmçinin universitetlərin strateji inkişaf planları ətrafında fikir mübadiləsi aparılıb. Hər iki tərəf belə görüşlərin qarşılıqlı təcrübə mübadiləsi və elmi tərəfdaşlıq üçün mühüm platforma olduğunu qeyd edərək, gələcəkdə konkret layihələr üzərində əməkdaşlığa başlamağa hazır olduqlarını bildirib və anlaşma memorandumu imzalayıblar. Sonda qonaq SDU-nun İnnovasiya Yaradıcılıq Mərkəzi, həmçinin geniş və yaşıllıqlarla əhatə olunmuş kampusu ilə tanış olub. Ona universitetin infrastrukturu, tədris mühiti və elmi-təhsil imkanları barədə ətraflı məlumat verilib 

 

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
Bakı Küçəsi 1, 43-cü məhəllə
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az