Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Sumqayıt Dövlət Universitetində elektron tullantılarla bağlı əməkdaşlığa start verildi
Yerləşdirilmə tarixi : 29 İyul 2025 15:28
Sumqayıt Dövlət Universitetində elektron tullantılarla bağlı əməkdaşlığa start verildi
 İyulun 29-da Sumqayıt Dövlət Universitetində (SDU) “Elektron tullantılar – çağdaş dünyanın səssiz təhlükəsi” mövzusunda dəyirmi masa keçirilib. Tədbirin məqsədi elektron tullantıların ətraf mühitə təsiri, bu sahədə maarifləndirmə və davamlı inkişaf strategiyalarının ali təhsil mühitinə inteqrasiyası ilə bağlı təşəbbüslərin müzakirəsi olub. Görüşdə SDU-nun rəhbərliyi, tullantıların idarə olunması sahəsində fəaliyyət göstərən “Smart Veyst” MMC-nin rəhbərliyi, SOCAR Karbamid zavodunun və universitetin aidiyyəti mütəxəssisləri iştirak edib. Tədbiri universitetin rektoru v.i.e., AMEA-nın müxbir üzvü, professor Əminağa Sadıqov açaraq iştirakçıları salamlayıb və mövzunun aktuallığını vurğulayıb. O, bildirib ki, texnologiyanın inkişafı ilə həyatımıza daxil olan elektron cihazların tərkibindəki zəhərli maddələr düzgün idarə olunmadıqda ciddi ətraf mühitə və insan sağlamlığına ciddi mənfi təsi göstərir. Professor Əminağa Sadıqov universitetlərin bu sahədə roluna da toxunaraq qeyd edib ki, ali təhsil müəssisələri elm və tədris mərkəzləri olmaqla yanaşı, cəmiyyətin ekoloji düşüncəsini formalaşdıran strateji qurumlardır. Ə.Sadıqov əlavə edib ki, məsələ yalnız fiziki tullantıların idarəsi ilə məhdudlaşmır – bu, həm də insan düşüncəsinin və həyat tərzinin dəyişməsini tələb edir. Universitet bu məsuliyyəti həm daxili idarəetməsində, həm də tələbələr vasitəsilə cəmiyyətə ötürməyi qarşıya məqsəd qoyub. Tədbirdə iştirak edən “Smart Veyst” MMC-nin direktoru Süleyman Əliyev geniş təqdimatla çıxış edib. O, elektron tullantıların həm ekoloji, həm də iqtisadi baxımdan cəmiyyətə təsirindən danışıb. Qeyd olunub ki, bu tullantılara yalnız problem kimi deyil, eyni zamanda resurs kimi yanaşmaq mümkündür. Bu baxış, təkrar emal sahəsində dövlət və özəl sektor üçün yeni imkanlar yaradır. O, həmçinin bildirib ki, SDU-nun bu təşəbbüsü digər ali təhsil müəssisələri üçün nümunə ola bilər. Universitetlərlə əməkdaşlıq bu istiqamətdə maarifləndirmənin və elmi yanaşmanın inkişafı üçün əsas platformalardan biri olmalıdır. SOCAR Karbamid zavodunun SƏTƏM üzrə meneceri, SDU-nun dayanıqlılıq üzrə eksperti Nurlan Axundov çıxışında universitetlər üçün hazırlanmış “Dayanıqlılıq Konsepsiyası” və bu çərçivədə həyata keçiriləcək təlimlər barədə məlumat verib. Tədbirdə, həmçinin universitetin əməkdaşları – Karyera və Məzunlarla iş Mərkəzinin direktoru v.i.e. Ruhəngiz Əmirova, Mühəndislik fakültəsinin dekanı dosent Ulduz Ağayev, Kimya mühəndisliyi və ekologiya kafedrasının müdiri, dosent Tünzalə Babayeva, həmin kafedranın dosenti Nərgiz Aşurova çıxış edərək, elektron tullantıların müxtəlif aspektləri – biomühitə təsiri, təkrar emal potensialı, iqtisadi yükü və ekoloji davranışın formalaşmasında təhsilin rolu haqqında fikirlərini bölüşüblər.
 
Tədbirin sonunda SDU ilə “Smart Veyst” MMC arasında elektron tullantıların toplanması və idarə olunması sahəsində əməkdaşlığa dair müqavilə imzalanıb.

 

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
Bakı Küçəsi 1, 43-cü məhəllə
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az