Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-nun rəhbərliyi “Qərbi Azərbaycan İrsi” kitabının təqdimat mərasimində iştirak edib
Yerləşdirilmə tarixi : 29 İyul 2025 17:10
SDU-nun rəhbərliyi “Qərbi Azərbaycan İrsi” kitabının təqdimat mərasimində iştirak edib
 Sumqayıt şəhər İcra Hakimiyyətinin və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə Sumqayıt Dövlət Dram Teatrında “Qərbi Azərbaycan İrsi: Ermənistanda azərbaycanlıların maddi-mədəni irsinin – qəbiristanlıqların sistemli qaydada dağıdılmasının nəticələri və beynəlxalq hüquqi məsuliyyətə dair hesabat və materiallar” kitabının I cildinin təqdimat mərasimi keçirilib. Tədbirdən əvvəl iştirakçılar Heydər Əliyev adına Mərkəzi Parkda Ümummilli Liderin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər. Daha sonra teatrın foyesində Qərbi Azərbaycana dair rəsm əsərlərindən ibarət sərgiyə baxış keçirilib. Tədbir Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəmanların əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Ardınca “Qərbi Azərbaycan İrsi” tədqiqatlar seriyasına dair videoçarx nümayiş etdirilib. Tədbirdə çıxış edən Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Teymur Səmədov bu nəşrin ərsəyə gəlməsində əməyi olan hər kəsə, xüsusilə Qərbi Azərbaycan İcmasına təşəkkür edib. O qeyd edib ki, bu kitab xalqımızın yaddaşına, məcburən ayrıldığı torpaqlarla bağlı tarixi gerçəkliyə və haqqa söykənən səsinin beynəlxalq ictimaiyyətə çatdırılması baxımından mühüm əhəmiyyət kəsb edir. Sumqayıt Dövlət Universitetinin rektoru v.i.e., AMEA-nın müxbir üzvü, professor Əminağa Sadıqov çıxışında “Qərbi Azərbaycan İrsi” kitabını ciddi elmi-tədqiqat əsəri kimi dəyərləndirib. Bildirib ki, bu nəşrdə yer alan arxiv sənədləri, fotoşəkillər və materiallar tarixi ədalətin bərpası, azərbaycanlıların soy-kökünün sənədləşdirilməsi və beynəlxalq aləmə çatdırılması baxımından olduqca əhəmiyyətlidir. Kitabın ərsəyə gəlməsi üçün müasir tədqiqat metodlarından və texnologiyalarında istifadə edildiyini qeyd edən Ə.Sadıqov əlavə edib ki, Sumqayıt Dövlət Universitetinin alimləri və gənc tədqiqatçıları da bu mövzunun araşdırılmasında və onun nəticələrinin yayılmasında fəal iştirak edəcəklər. Təqdimatda Qərbi Azərbaycan İcması Ziyalılar Şurasının üzvü Xalid Niyazov Qərbi Azərbaycan İcmasının Sumqayıt nümayəndəliyinin rəhbəri Ramiz İsmayılov və Dövlət İdarəçilik Akademiyasının rektorunun müşaviri Zaur Məmmədov da çıxış edərək kitabın elmi, hüquqi və mənəvi aspektlərindən bəhs ediblər. Onlar bu nəşri təkcə keçmişin sənədləşdirilməsi deyil, həm də gələcək nəsillərin yaddaşında Qərbi Azərbaycanın yaşadılması baxımından strateji əhəmiyyət daşıyan bir mənbə kimi qiymətləndiriblər.
Tədbirin sonunda vurğulanıb ki, bu cür təşəbbüslər Qərbi azərbaycanlıların geri dönüş arzularının reallığa çevrilməsi istiqamətində atılan mühüm addımlardan biridir.

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
Bakı Küçəsi 1, 43-cü məhəllə
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az