Sumqayıt Dövlət Universiteti ilə Aerokosmik İnformatika İnstitutu arasında əməkdaşlıq memorandumu imzalandı
Sumqayıt Dövlət Universitetində (SDU) Azərbaycan Milli Aerokosmik Agentliyinin Elmi-Tədqiqat Aerokosmik İnformatika İnstitunun(ETAİİ) rəhbərliyi ilə görüş keçirilib. Tədbiri SDU-nun rektoru v.i.e., AMEA-nın müxbir üzvü, professor Əminağa Sadıqov açaraq qonaqları salamlayıb, onları SDU-da görməkdən məmnunluğunu ifadə edib. O, çıxışında universitetin son illərdəki inkişaf yolundan, həyata keçirilən islahatlardan, tədris mühitinin müasirləşdirilməsi və elmi potensialın gücləndirilməsi istiqamətində atılan addımlardan söz açıb. O, həmçinin, SDU ilə ETAİİ arasında elmi-tədqiqatların aparılması və yüksəkixtisaslı elmi kadrların hazırlanması sahəsində əməkdaşlığın vacibliyini vurğuladı və bunun üçün böyük potensialın olduğunu bildirdi. Daha sonra ETAİİ-nin direktoru, əməkdar müəllim, professor Elçin İsgəndərzadə çıxış edərək rəhbərlik etdiyi institutun fəaliyyəti, həyata keçirilən layihələr və aerokosmik informatika sahəsində əldə etdikləri nailiyyətlər haqqında məlumat verdi. O, hazırda SDU-nun alimləri ilə həyata keçirdikləri birgə layihələrdən bəhs edərək, bu əməkdaşlığın daha da genişləndirilməsinin uğurlu nəticələr verəcəyini qeyd etdi. Tədbirin sonunda Sumqayıt Dövlət Universiteti ilə Elmi-Tədqiqat Aerokosmik İnformatika İnstitutu arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalandı. Memoranduma əsasən, tərəflər birgə elmi-tədqiqat layihələrinin icrası, tələbələrin istehsalat təcrübəsinin təşkili, ortaq konfransların keçirilməsi, innovativ texnologiyaların tədris prosesinə inteqrasiyası istiqamətində əməkdaşlıq edəcəklər.