SDU-nun Elmi şurasının yeni tədris ilində ilk iclası keçirilib
Sentyabrın 10-da Sumqayıt Dövlət Universitetinin (SDU) Elmi şurasının 2025/2026-cı tədris ilində ilk iclası keçirilib. Rektor v.i.e., AMEA-nın müxbir üzvü, professor Əminağa Sadıqov şura üzvlərini yeni tədris ili münasibətilə təbrik edərək, onlara fəaliyyətlərində uğurlar arzulayıb və gündəlikdə duran məsələləri diqqətə çatdırıb. İclasda müzakirə edilən məsələlər – SDU-da aparılan elmi-tədqiqat işlərinin prioritet istiqamətlər üzrə optimallaşdırılması barədə Elm və innovasiyalar üzrə prorektor, dosent Elşad Abdullayev, fakültə dekanları professor Adil Baxşəliyev, dosentlər Xalidə Həsənova, Ulduz Ağayev, Rəşad Səlimov, Loğman Abdullayev, Günel Paşayeva məlumat veriblər. 2025/2026-cı tədris ilində Sumqayıt Dövlət Universitetinə tələbə qəbulunun nəticələri, tədris ilinə hazırlığın vəziyyəti barədə dosent Elşad Abdullayev məlumat verib. Qeyd edib ki, 2025/2026-cı tədris ilində SDU üzrə proqnozlaşdırılmış yerlərə tələbə qəbulunun nəticəsi 94.13% olmuşdur ki, bu göstərici SDU-nun tarixində ən yüksək nəticədir. Sonra auditoriyaların və infrastrukturun vəziyyəti barədə Baş mühasib Rəvan Rzayevin məlumatı dinlənilib. SDU-nun Tələbə evinin yeni tədris ilinə hazırlığının vəziyyəti barədə Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektor, dosent Elmar Xəlilov çıxış edib. Bildirib ki, SDU-ya 500 baldan yüksək akademik göstəricilərlə qəbul olunan tələbələrə Tələbə Evində ödənişsiz əsaslarla yer verilməsi qərara alınıb. 2025/2026-cı tədris ili üçün Elmi şuranın iş planının müzakirəsi və təsdiqi barədə Elmi katib professor Muxtar Səmədov məlumat verib. İclasda Sumqayıt Dövlət Universitetində 2025/2026-cı tədris ilinə hazırlıq və qarşıda duran vəzifələr, bakalavriat və magistratura səviyyələri üzrə SDU-ya qəbulun nəticələri ətrafında geniş fikir mübadiləsi aparılıb. Professor Əminağa Sadıqov çıxışında onu da vurğulayıb ki, qarşıya qoyulan məqsədlərə nail olmaq üçün bütün kollektivin birgə və sistemli şəkildə çalışması əsas şərtdir.
Elmi şura cari məsələlərin müzakirəsi ilə davam edib.
Elmi şura cari məsələlərin müzakirəsi ilə davam edib.