Sumqayıt Dövlət Universitetinin əməkdaşları beynəlxalq diplomlara layiq görüldülər
09 sentyabr 2025-ci il tarixində Azərbaycan Peşəkar Maliyyə Menecerləri Assosiasiyasının (APFM) baş ofisində maliyyə, mühasibat uçotu və insan resurslarının idarə edilməsi sahəsində beynəlxalq təlimləri uğurla başa vuran və yekun imtahanlarda yüksək nəticə göstərən mütəxəssislərə diplomların təqdimatı keçirilib. Tədbir London Maliyyə Menecerləri İnstitutu (ICFM) və Mühasiblər İnstitutu (ICB) ilə əməkdaşlıq çərçivəsində təşkil olunub. Təqdimat mərasimini APFM İdarə Heyətinin sədri Nuriyyə Novruzova açaraq iştirakçıları salamlamış, uğurlu nəticə qazanan mütəxəssisləri təbrik etmişdir. Daha sonra təlimləri müvəffəqiyyətlə başa çatdıran iştirakçılara beynəlxalq diplomlar təqdim olunmuşdur. Sumqayıt Dövlət Universitetinin Mühasibat və iqtisadiyyat kafedrasının əməkdaşları – dosent Loğman Abdullayev və i.f.d., baş müəllim Röya Qurbanova “Maliyyə hesabatlarının beynəlxalq standartları (İFRS)” modulu üzrə təlimi uğurla başa vuraraq, imtahanda yüksək nəticə göstərmiş və London Maliyyə Menecerləri İnstitutunun (ICFM) beynəlxalq diplomlarına layiq görülmüşlər. Bu uğur Sumqayıt Dövlət Universitetinin professor-müəllim heyətinin peşəkar inkişafına verdiyi önəmin göstəricisi olmaqla yanaşı, universitetin tədris prosesində beynəlxalq standartların tətbiqinə də mühüm töhfə verəcəkdir.