Sumqayıt Dövlət Universitetinə yüksək balla qəbul olan tələbələrlə görüş keçirilib
Sentyabrın 17-də Sumqayıt Dövlət Universitetinin (SDU) rektoru v.i.e., AMEA-nın müxbir üzvü, professor Əminağa Sadıqov 2025/2026-cı tədris ili üzrə qəbul imtahanlarında yüksək nəticə göstərərək SDU-ya qəbul olmuş tələbələrlə görüş keçirib. Görüş SDU-nun Heydər Əliyev Mərkəzində baş tutub. Tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Professor Əminağa Sadıqov çıxış edərək tələbələri qazandıqları uğura görə təbrik edib, onlara təhsildə və şəxsi həyatlarında nailiyyətlər arzulayıb. Əminağa Sadıqov öz tələbəlik illərindən söz açaraq, Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə hər il Azərbaycanın ən istedadlı gənclərinin SSRİ-nin nüfuzlu ali təhsil ocaqlarında oxumağa göndərilməsindən bəhs edib. O, həmin dövrdə bu fürsətdən yararlanaraq xaricdə təhsil almağa göndərilən gənclərdən biri olduğunu diqqətə çatdırıb və şəxsən Heydər Əliyevlə görüşünün onun həyatında və gələcək fəaliyyətində necə dərin iz buraxdığını səmimi şəkildə bölüşüb.Vurğulayıb ki, hal-hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə ali təhsilin keyfiyyətinin yüksəldilməsi, müasir çağırışlara uyğunlaşdırılması və beynəlxalq standartlara inteqrasiyası istiqamətində ardıcıl və strateji addımlar atılır. Bu proses nəticəsində innovativ düşüncəyə, geniş dünyagörüşünə və praktiki biliklərə malik rəqabətqabiliyyətli mütəxəssislər yetişir. Əminağa Sadıqov rəhbərlik etdiyi universitetdə son illər ərzində həyata keçirilən islahatlar, qazanılan nailiyyətlər, tədris və idman sahəsində yaradılan şərait, həmçinin beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində atılan addımlar barədə məlumat verib. Tələbələrin peşəkar mütəxəssis kimi formalaşmasında onların öz üzərində fasiləsiz işləməsinin və müxtəlif inkişaf imkanlarından istifadə etməsinin vacibliyini qeyd edən professor Əminağa Sadıqov onları yerli və beynəlxalq proqramlarda, müxtəlif layihə və təşəbbüslərdə fəal iştirak etməyə, eləcə də xarici dil biliklərini inkişaf etdirməyə təşviq edib. Həmçinin o, Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilniş “Rəqəmsal İnkişaf Konsepsiyası”ndan və “Süni İntellekt Strategiyası”ndan bəhs edərək, bu sənədlərin ölkədə süni intellekt texnologiyalarının inkişafını sürətləndirmək və rəqəmsal transformasiyanı dəstəkləmək baxımından mühüm rol oynadığını qeyd edib. O, strategiyanın xüsusilə tələbələr üçün yeni bilik və bacarıqların əldə olunması, eləcə də onların gələcək karyera imkanlarının genişləndirilməsi baxımından əhəmiyyətini vurğulayıb.Sonra tələbələrin təklifləri dinlənilib, onları maraqlandıran suallar ətrafında geniş fikir mübadiləsi aparılıb. Görüşün sonunda Əminağa Sadıqov universitet rəhbərliyinin tələbələrin istənilən yaradıcı təşəbbüs və innovativ ideyalarına dəstək göstərməyə hazır olduğunu vurğulayıb.