Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | “Ali təhsil müəssisələrinin innovasiya mərkəzinə çevrilməsi: Sumqayıt Dövlət Universiteti nümunəsində ” layihəsinin yekun hesabatı və bağlanış tədbiri keçirilib
Yerləşdirilmə tarixi : 18 Sentyabr 2025 17:00
“Ali təhsil müəssisələrinin innovasiya mərkəzinə çevrilməsi: Sumqayıt Dövlət Universiteti nümunəsində ” layihəsinin yekun hesabatı və bağlanış tədbiri keçirilib
Sentyabrın 18-də “Ali təhsil müəssisələrinin innovasiya mərkəzinə çevrilməsi: Sumqayıt Dövlət Universiteti nümunəsində” layihəsinin yekun hesabat tədbiri təşkil olunub.
Tədbirdə Koreya “Eximbank”, Asiya İnkişaf Bankı (AİB), “Ars Praxia”, Koreya Qabaqcıl Elm və Texnologiya İnstitutu (KAIST), Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi, Sumqayıt Dövlət Universiteti (SDU) və digər ali təhsil müəssisələrinin rəhbərləri iştirak ediblər. SDU-nun rektoru v.i.e., AMEA-nın müxbir üzvü, professor Əminağa Sadıqov çıxış edərək layihənin uğurla icra olunduğunu vurğulayıb. O, universitetin sənaye şəhərində yerləşməsinin strateji üstünlük təşkil etdiyini bildirib: “SDU-nun baza olaraq seçilməsi uğurlu qərardır. Burada əsasən sənaye sahələri üçünkadr hazırlığı həyata keçirilir və innovasiyalar üçün əlverişli zəmin mövcuddur. Layihənin yekunlaşması əməkdaşlığın sonu deyil, əksinə, əldə olunan nəticələr uzunmüddətli və daha səmərəli əməkdaşlıq üçün əsas yaradacaq” – deyə Əminağa Sadıqov qeyd edib. “Eximbank”ın İstanbul ofisinin baş direktoru Hvanvu Kim çıxışında layihənin Azərbaycan və Koreya arasında bilik və təcrübə mübadiləsini gücləndirdiyini, Koreya universitetlərinin uğurlu modellərinin ölkəmizdə innovasiya və startap ekosisteminin formalaşmasına təkan verdiyini qeyd edib. Asiya İnkişaf Bankının Azərbaycan üzrə direktoru Sunniya Durrani-Camal layihənin ölkədə universitet-sənaye əməkdaşlığını gücləndirəcəyini və ali təhsilin tədqiqat, innovasiya potensialının inkişafına mühüm töhfə verəcəyini diqqətə çatdırıb. KAIST-in professoru Seung Hun Han Koreya universitetlərinin innovasiya şəhərlərində startapların və tədqiqat institutlarının inkişaf təcrübəsini bölüşərək bu modelin SDU və Azərbaycan ali təhsil sistemi üçün strateji əhəmiyyət kəsb etdiyini vurğulayıb.Əsas məqsəd Azərbaycan ali təhsilini innovasiya və davamlı iqtisadi artım üçün güclü platformaya çevirmək olub. Bu çərçivədə universitetlərdə tədqiqat və kommersiyalaşdırma potensialının artırılması prioritet kimi müəyyən edilib. Qeyd olunub ki, layihə çərçivəsində Koreya təcrübəsi əsasında milli tədqiqat institutlarının və innovasiya mərkəzlərinin yaradılması, hökumət–sənaye–akademiya əməkdaşlığına əsaslanan startap ekosisteminin formalaşdırılması, eləcə də beynəlxalq əməkdaşlıq və innovasiya mərkəzlərinin qurulması istiqamətində strategiyalar hazırlanıb. Eyni zamanda, layihə çərçivəsində SOCAR və özəl sektor nümayəndələri ilə görüşlər keçirilib, universitetlərdə texnologiya idarəetmə ofislərinin yaradılması, tədqiqatların kommersiyalaşdırılması və akademik müstəqilliyin gücləndirilməsi istiqamətində tövsiyələr irəli sürülüb.
“Ars Praxia” şirkətinin icraçı direktoru Leo Kim ali təhsildə innovasiya, universitet-sənaye əməkdaşlığı və bu sahədə beynəlxalq təcrübələrin tətbiqi mövzularında təqdimatla çıxış edib. O, ali təhsilin gələcək inkişaf meyilləri, sənaye ilə əməkdaşlığın yaratdığı imkanlar, həmçinin universitetlərin qlobal rəqabət qabiliyyətinin artırılması istiqamətində atıla biləcək addımlar barədə danışıb.
Daha sonra layihə üzrə təqdim olunan hesabat ətraflı müzakirə olunub, suallar cavablandırılıb, bir sıra təkliflər və tövsiyələr irəli sürülüb.

 

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
Bakı Küçəsi 1, 43-cü məhəllə
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az