Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Anım Gününə həsr olunmuş fakültə tədbirləri keçirilib
Yerləşdirilmə tarixi : 26 Sentyabr 2025 15:33
Anım Gününə həsr olunmuş fakültə tədbirləri keçirilib
 Sumqayıt Dövlət Universitetinin fakültələrinin və Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə 2020-ci il Vətən müharibəsinin başlanmasının beşinci ildönümünə həsr olunmuş Anım Günü tədbirləri təşkil edilib.
Əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət Himni səsləndirilib. Anım Günü ilə əlaqədar fotosərgiyə baxış keçirilib. Fakültə dekanları giriş nitqlərində 44 günlük Vətən müharibəsinin Azərbaycan tarixindəki müstəsna rolunu diqqətə çatdırıblar. Bildirilib ki, 2020-ci ilin 27 sentyabrında Ermənistan silahlı qüvvələrinin törətdiyi növbəti hərbi təxribatlara cavab olaraq, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə başlanmış əks-hücum əməliyyatları qısa müddətdə tarixi Zəfərlə nəticələnib. Bu Qələbə ilə uzun illər işğal altında qalan torpaqlar azad olunub, ölkəmizin ərazi bütövlüyü tam bərpa edilib. Çıxışlarda vurğulanıb ki, bu möhtəşəm qələbə xalqımızın birliyi, ordumuzun qəhrəmanlığı və siyasi rəhbərliyin prinsipial mövqeyi sayəsində əldə olunub. Müzəffər Ordumuzun qazandığı tarixi uğur, Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi milli dövlətçilik strategiyasının parlaq təzahürüdür. Bugünkü müstəqil, suveren və bütöv Azərbaycanın qurulmasında şəhidlərin və qazilərin misilsiz xidmətləri xüsusi qeyd olunub, şəhidlərə Allahdan rəhmət, qazilərə isə şəfa arzulanıb. Digər natiqlər Anım Gününün tarixi və mənəvi əhəmiyyətindən bəhs edərək bildiriblər ki, 27 Sentyabr yalnız hüzn günü deyil, həm də qəhrəmanlıq, milli qürur və dirçəliş günüdür. Xalqımızın Vətən uğrunda göstərdiyi igidlik, birlik və vətənpərvərlik nümunəsi gələcək nəsillər üçün əsl örnək kimi dəyərləndirilib. Sonda tələbələr vətənpərvər ruhda şeirlər səsləndirib, şəhidlərimizin qəhrəmanlığına həsr olunmuş videoçarx nümayiş etdirilib. Həmçinin universitetin tələbə və müəllim kollektivi Sumqayıt şəhərində Şəhidlər xiyabanını ziyarət edib, Şəhidlərin məzarı önünə gül dəstələri qoyub, əziz xatirələrini böyük ehtiramla yad ediblər.

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
Bakı Küçəsi 1, 43-cü məhəllə
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az