Tələbə Həmkarlar İttifaqı Komitəsinin fəaliyyəti ilə bağlı infosessiya keçirilib
Oktyabrın 1-də Sumqayıt Dövlət Universitetində (SDU) birinci kurs tələbələri üçün Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) fəaliyyəti ilə bağlı infosessiya təşkil olunub. Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və vətənimizin azadlığı, ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhdilərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri Sumqayıt Dövlət Universitetinin Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru, dosent Elmar Xəlilov açaraq iştirakçıları universitet rəhbərliyi adından salamlayıb. O, Ulu Öndər Heydər Əliyevin gənclərə göstərdiyi yüksək diqqət və qayğını vurğulayaraq, bu uzaqgörən siyasətin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd edib. Elmar Xəlilov həmçinin 44 günlük Vətən müharibəsində Azərbaycan gənclərinin göstərdiyi misilsiz qəhrəmanlıqlardan söz açaraq, onların torpaqlarımızın azadlığı və milli qürurumuzun bərpası uğrunda göstərdiyi rəşadətin tarixə qızıl hərflərlə yazıldığını diqqətə çatdırıb. Sonra Sumqayıt Dövlət Universitetinin geniş imkanlarından bəhs edən prorektor qeyd edib ki, bu gün universitet beynəlxalq reytinqlərdə layiqincə yer tutur və gənclərə müasir çağırışlara cavab verən yüksək keyfiyyətli təhsil, elmi biliklərə yiyələnmək və şəxsiyyət kimi formalaşmaq üçün böyük perspektivlər təqdim edir. Qeyd edib ki, tələbələrin asudə vaxtlarının səmərəli təşkili və onların hərtərəfli inkişafının təmin olunması məqsədilə Sumqayıt Dövlət Universitetində tələbə təşkilatları və müxtəlif klublar fəaliyyət göstərir. Prorektor çıxışının sonunda tələbələri təhsildə, elmdə və ictimai fəaliyyətlərdə fəallığa, daim inkişaf etməyə və ölkənin tərəqqisinə töhfə verməyə çağırıb. Sonra SDU Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Elmin Novruzlu THİK-in əsas fəaliyyət istiqamətləri, həyata keçirilən layihələr, sosial dəstək proqramları barədə təqdimatla çıxış edib. Sədr THİK-in universitet daxilində və respublika miqyasında həyata keçirilən tədbirlərdən, düşərgə, forum, seminar və digər maraqlı layihələrdən, həmçinin üzvlərinin aktiv fəaliyyətindən bəhs edib. Tədbir çərçivəsində tələbələrin sualları cavablandırılıb. Görüş gənc və istedadlı ifaçı Murad Azərlinin təqdim etdiyi musiqili konsert proqramı ilə davam edib.