Sumqayıt Dövlət Universitetində Beynəlxalq Müəllimlər Gününə həsr olunmuş tədbir keçirilib
Oktyabrın 2-də Sumqayıt Dövlət Universitetində (SDU) 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir təşkil olunub. Tədbiri SDU-nun rektoru v.i.e., AMEA-nın müxbir üzvü, professor Əminağa Sadıqov açaraq, universitetin professor-müəllim heyətinin timsalında bütün müəllimləri əlamətdar gün münasibətilə təbrik edib. O, müəllimlik peşəsinin cəmiyyətimizdəki yüksək mövqeyindən, bu peşənin şərəfli və məsuliyyətli missiyasından danışıb. Rektor çıxışında Ümummilli Lider Heydər Əliyevin müəllim adını hər zaman uca tutduğunu vurğulayıb, bu ənənənin Prezident İlham Əliyev tərəfindən də ardıcıl davam etdirildiyini diqqətə çatdırıb. O, dövlət tərəfindən müəllimlərin sosial rifahının yüksəldilməsi, peşəkar inkişafı üçün yaradılan geniş imkanların bu sahənin nüfuzuna mühüm töhfə verdiyini qeyd edib. Professor Əminağa Sadıqov bildirib ki, Sumqayıt Dövlət Universitetinin son illərdə təhsil sahəsində əldə etdiyi nailiyyətlər əsasən fədakar və səmərəli fəaliyyət göstərən müəllim kollektivi ilə bağlıdır. Ali məktəbə qəbul imtahanlarında yüksək nəticə göstərən abituriyentlərin müəllimlik ixtisaslarını seçməsi isə cəmiyyətin bu peşəyə verdiyi yüksək dəyərin bariz göstəricisi kimi qiymətləndirilib. Ə.Sadıqov qeyd edib ki, hazırda müəllimlərin qarşısında çox məsuliyyəli vəzifələr durur. Müasir universitet müəlliminin obrazı artıq ənənəvi “müəllim – bilik daşıyıcısı” modelindən çıxaraq bilik bələdçisi, tədqiqatçı və motivator funksiyalarını özündə birləşdirir. O, yalnız dərs deyən deyil, həm də tələbənin düşüncə tərzini formalaşdıran, müstəqil öyrənməyə həvəsləndirən şəxsdir. Cəmiyyət üçün maarifçi və intellektual nümunə rolunu daşıyır. Daha sonra universitetin ictimai həyatında və elmi-pedaqoji fəaliyyətlərində fərqlənən bir qrup müəllim SDU rəhbərliyi tərəfindən fəxri fərman və hədiyyələrlə təltif olunub.