Sumqayıt Dövlət Universitetində Elmi Şuranın növbəti iclası keçirilib
Sumqayıt Dövlət Universitetində (SDU) Elmi Şuranın növbəti iclası keçirilib. İclasa universitetin rektoru v.i.e., AMEA-nın müxbir üzvü, professor Əminağa Sadıqov sədrlik edib. Professor Əminağa Sadıqov iclası açaraq şura üzvlərini salamlayıb və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Nyu-Yorkda BMT Baş Assambleyasının 80-ci sessiyasında etdiyi tarixi çıxışdan bəhs edib. O, Prezidentin nitqinin ölkəmizin beynəlxalq mövqeyinin möhkəmlənməsində, regionda sülh və əməkdaşlıq təşəbbüslərinin dəstəklənməsində, eləcə də Azərbaycanın beynəlxalq nüfuzunun daha da artmasında mühüm əhəmiyyət daşıdığını qeyd edib. Sonra professor Əminağa Sadıqov oktyabrın 3-də “QS 2026” qlobal reytinqində yer alan Azərbaycan universitetlərinin təltif olunması mərasimində “QS” təşkilatı tərəfindən Sumqayıt Dövlət Universitetinə təqdim edilən sertifikatı Elmi Şura üzvlərinə təqdim edib. O, bu nailiyyəti universitet kollektivi üçün əlamətdar hadisə kimi qiymətləndirərək, bütün əməkdaşları əldə olunan uğura görə təbrik edib. Daha sonra gündəlikdəki məsələlərin müzakirəsinə başlanılıb. Elm və innovasiyalar üzrə prorektor, dosent Elşad Abdullayev “Code Academy” layihəsinə cəlb olunan tələbələrin dərs prosesinin tənzimlənməsi barədə məlumat verib. Müzakirələr nəticəsində Mühəndislik fakültəsinin Kompüter mühəndisliyi ixtisası, Təbiət elmləri fakültəsinin Kimya ixtisası və Riyaziyyat fakültəsinin Riyaziyyat müəllimliyi ixtisası üzrə bəzi fənlərin “Code Academy”də tədris olunan fənlərlə əvəz olunmasına razılıq verilib. Beynəlxalq əməkdaşlıq və strateji layihələr şöbəsinin müdiri Aysel Eminova Beynəlxalq reytinqlərdə (QS) SDU-nun təmsilçiliyi və qarşıda duran vəzifələr barədə çıxış edib. O, universitetin son illərdə əldə etdiyi nailiyyətlərin akademik fəaliyyətin keyfiyyətindən və beynəlxalq əlaqələrin səmərəli inkişafından irəli gəldiyini vurğulayıb. Qeyd olunub ki, elmi tədqiqatların keyfiyyət və miqyas baxımından genişləndirilməsi, eləcə də Web of Science və SCOPUS kimi beynəlxalq bazalara daxil olan jurnallarda məqalələrin sayının artırılması universitetin qarşısında duran əsas hədəflərdəndir. Bu istiqamətdə fakültə dekanlarına, kafedra müdirlərinə və professor-müəllim heyətinə müvafiq tapşırıqlar verilib. Daha sonra elmi katib, professor Muxtar Səmədov elmi adların verilməsi barədə məlumat təqdim edib. Biznesin idarə edilməsi kafedrasının dosenti Gülbəs Rüstəmovaya və Avtomatika və mexanika kafedrasının dosenti Nabat Süleymanovaya elmi-pedaqoji fəaliyyətlərinə görə dosent elmi adının verilməsi üçün Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası qarşısında vəsatət qaldırılması məsələsinə baxılıb və gizli səsvermənin nəticələrinə əsasən qərar qəbul edilib. Elmi katib həmçinin Elmi Şuraya təqdim olunmuş elmi və tədris vəsaitləri barədə məlumat verib. Bildirilib ki, Şuraya 9 adda vəsait təqdim olunub – 1 monoqrafiya, 3 dərs vəsaiti və 5 fənn proqramı. Müzakirələrdən sonra təqdim olunan vəsaitlərin nəşrinə icazə verilib.
İclasda cari məsələlər də müzakirə olunub və müvafiq qərarlar qəbul edilib.
İclasda cari məsələlər də müzakirə olunub və müvafiq qərarlar qəbul edilib.