SDU-nun “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisası beynəlxalq akkreditasiyadan uğurla keçdi
Sumqayıt Dövlət Universitetinin(SDU) “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisası beynəlxalq akkreditasiyadan uğurla keçərək mühüm nailiyyət əldə edib. Almaniyanın Düsseldorf şəhərində yerləşən nüfuzlu ASİİN beynəlxalq akkreditasiya agentliyi ilə Sumqayıt Dövlət Universiteti arasında imzalanmış 17 oktyabr 2022-ci il tarixli müqaviləyə əsasən, bakalavriat səviyyəsində tədris olunan “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisasının təhsil proqramının beynəlxalq akkreditasiyadan keçirilməsi prosesi həyata keçirilib. Bu məqsədlə ASİİN-in tələblərinə uyğun olaraq universitet tərəfindən geniş hesabatlar və müvafiq məlumatlar təqdim edilib. 2024-cü ilin 10–12 oktyabr tarixlərində agentliyin ekspert qrupu universitetdə qiymətləndirmə səfərində olub. Qrupun tərkibinə Chemnitz Universitetinin professoru sədr Madhukar Candra , Hamburq Tətbiqi Elmlər Universitetinin professoru Volfqanq Renz, Bosch şirkətindən Dr. Alfred Şulte, ADA Universitetinin tələbəsi İlhamə Novruzova və layihə koordinatoru Paulina Petracenko daxil idi. Ekspertlər universitetin Mühəndislik fakültəsinin laboratoriyalarına və auditoriyalarına baxış keçiriblər. Görüşlər zamanı tədris mühitinin müasir standartlara uyğunluğu, müəllimlərin peşəkar inkişafı, imtahan prosesləri, elmi-tədqiqat fəaliyyəti, tələbə mobilliyi və keyfiyyət təminatı mexanizmləri müzakirə olunub. Eyni zamanda, sənaye tərəfdaşları ilə görüşlər keçirilib, universitetin infrastruktur imkanları qiymətləndirilib. Aparılmış qiymətləndirmənin nəticəsinə əsasən, ASİİN akkreditasiya komissiyasının 14 oktyabr 2025-ci il tarixli qərarı ilə Sumqayıt Dövlət Universitetinin “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisası üzrə təhsil proqramı 2024–2029-cu illər üçün 5 il müddətinə beynəlxalq akkreditasiyadan müvəffəqiyyətlə keçmişdir.