“Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda nümunəvi dərs keçirilib
Oktyabrın 16-da Sumqayıt Dövlət Universitetinin (SDU) Mülki Müdafiə, Əməyin Təhlükəsizliyi və Yanğından Mühafizə Qərargahının illik tədbirlər planına uyğun olaraq, Fövqəladə Hallar Nazirliyinin (FHN) Sumqayıt Regional Mərkəzinin Mülki Müdafiə İdarəsi ilə birgə “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda nümunəvi dərs keçirilib. SDU-nun Mülki Müdafiə,Tibbi və Fiziki Hazırlıq kafedranın müdiri Tahir Xəlilov çıxış edərək, fövqəladə halların qarşısının alınması və əhalinin bu hallara hazır olması istiqamətində maarifləndirmə işlərinin zəruriliyini vurğulayıb. Sonra Mülki müdafiə İdarəsinin Mülki Müdafiəyə Hazırlıq şöbəsinin rəisi, mayor Süleyman Elçin çıxış edərək mülki müdafiə sisteminin strukturu, əhalinin təhlükəsizliyinin təmin olunması sahəsində həyata keçirilən tədbirlər və vətəndaşların üzərinə düşən vəzifələr barədə danışıb. Tədbirdə Mülki Müdafiəyə Hazırlıq şöbəsinin baş məsləhətçisi Tamerlan Əliyev “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili”, Mülki Müdafiə Tədbirlərinin Planlaşdırılması şöbəsinin zabiti kapitan Altay Hüseynov “Yanğın təhlükəsizliyinin təmin olunması, xilasetmə texnikası və avadanlıqları” mövzularında çıxış ediblər. Onlar fövqəladə hallardan əvvəl, zamanı və sonra davranış qaydaları, ilkin yardımın təşkili, xəbərdarlıq sistemləri və xilasetmə əməliyyatlarının təşkili ilə bağlı geniş məlumat veriblər.
Nümunəvi dərs interaktiv müzakirələrlə davam edib.