Sumqayıt Dövlət Universitetində Dövlət Müstəqilliyinin Bərpası Gününə həsr olunmuş seminar keçirilib
Oktyabrın 17-də Sumqayıt Dövlət Universitetində (SDU) 18 Oktyabr – Dövlət Müstəqilliyinin Bərpası Günü münasibətilə seminar təşkil olunub. Tədbiri açıq elan edən universitetin rektoru, v.i.e., AMEA-nın müxbir üzvü, professor Əminağa Sadıqov iştirakçıları salamlayaraq, onları Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib. Professor Əminağa Sadıqov çıxışında bildirib ki, 18 oktyabr 1991-ci ildə “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı”nın qəbul edilməsi xalqımızın uzun illərdən bəri arzuladığı azadlıq, suverenlik və milli dövlətçilik ideallarının gerçəkləşməsi idi. O, vurğulayıb ki, müstəqillik asanlıqla əldə olunmayıb – Azərbaycan XX əsrin sonlarında ciddi siyasi, iqtisadi və sosial sınaqlardan keçərək dövlətçiliyini qoruyub saxlaya bilib. Ulu Öndər Heydər Əliyevin uzaqgörən və müdrik siyasəti nəticəsində ölkəmiz müstəqil, sabit və güclü dövlətə çevrilib. Əminağa Sadıqov qeyd edib ki, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan öz müstəqilliyini daha da möhkəmləndirib və beynəlxalq miqyasda nüfuzlu, güclü dövlət kimi tanınıb. 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfər müstəqilliyimizin sarsılmazlığını, xalqımızın birliyini və milli iradəsini bir daha sübut edib. O, həmçinin bildirib ki, azadlıq və suverenlik yalnız tarixi hadisə deyil, eyni zamanda xalqımızın kimliyini və dövlətçilik ideyasını formalaşdıran əsas dayaqlardandır. Sonda professor Əminağa Sadıqov vurğulayıb ki, bu gün Azərbaycan ziyalıları və gəncləri qarşısında ali və məsuliyyətli bir missiya dayanır – dövlət müstəqilliyini qorumaq və onu elm, bilik, texnologiya və mədəniyyət vasitəsilə daha da gücləndirmək. “Müstəqillik hər bir vətəndaşın məsuliyyətidir. Onu qoruyub gələcək nəsillərə ötürmək hər birimizin vəzifəsidir”, – deyə o, çıxışını yekunlaşdırıb. Seminarda Tədris-Metodiki Mərkəzin direktoru, i.ü.f.d. Elnarə Məmmədova “Müstəqillik dövründə Azərbaycanın iqtisadi inkişafı” mövzusunda çıxış edib. Daha sonra Tarix, coğrafiya və metodika kafedrasının müdiri, dosent Sona Məhərrəmova “Azərbaycanın dövlət müstəqilliyinə aparan tarixi yol və müstəqilliyimizin bərpası”, Azərbaycan və Şərqi Avropa xalqları tarixi kafedrasının müəllimi Samirə Kərimova “Heydər Əliyevin hakimiyyətə qayıdışı və Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi”, Tarix və coğrafiya fakültəsinin II kurs magistrantı Nübar Osmanova isə “Müstəqillik dövründə Dövlət Gənclər siyasəti” mövzularında məruzələrlə çıxış ediblər. Çıxışlarda vurğulanıb ki, müstəqillik hər bir xalqın mənəvi dəyərlərini, milli iradəsini və tarixi irsini təcəssüm etdirən ali məfhumdur. Onun qorunması, dövlətçilik ənənələrinin möhkəmləndirilməsi və gənc nəslə ötürülməsi istiqamətində aparılan fəaliyyət Azərbaycan gəncliyinin əsas vəzifələrindən biridir.
Seminar mövzu ətrafında geniş fikir mübadiləsi və müzakirələrlə davam edib.
Seminar mövzu ətrafında geniş fikir mübadiləsi və müzakirələrlə davam edib.