Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Sumqayıt Dövlət Universitetinə yeni qəbul olunmuş əcnəbi tələbələrlə tanışlıq (oriyentasiya) görüşü keçirilib
Yerləşdirilmə tarixi : 17 Oktyabr 2025 14:29
Sumqayıt Dövlət Universitetinə yeni qəbul olunmuş əcnəbi tələbələrlə tanışlıq (oriyentasiya) görüşü keçirilib
Sumqayıt Dövlət Universitetində (SDU) 2025/2026-cı tədris ili üzrə yeni qəbul olunmuş əcnəbi tələbələrlə tanışlıq (oriyentasiya) görüşü keçirilib. Tədbirin məqsədi əcnəbi tələbələrin universitetin akademik mühiti, sosial-mədəni həyatı, qayda və prosedurları ilə yaxından tanış edilməsi, həmçinin onların təhsil prosesinə daha asan uyğunlaşmasına dəstək göstərmək olmuşdur. Universitetin rektoru v.i.e., AMEA-nın müxbir üzvü, professor Əminağa Sadıqov çıxışında qeyd edib ki, bu gün ölkəmizin təhsil strategiyası Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi təməl prinsiplərə əsaslanır. Bu strateji yanaşma sayəsində çoxsaylı azərbaycanlı gənclər, o cümlədən özü də, xarici ölkələrdə ali təhsil, yüksək biliklər qazanmış və bu bilikləri Azərbaycanın elmi-pedaqoji və sənaye potensialının inkişafına yönəltmişlər. Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil alması konsepsiyası Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və bu məqsədlə dövlət proqramları həyata keçirilir. O, Azərbaycanın son illərdə iqtisadi, sosial və siyasi inkişafı nəticəsində dünya miqyasında artan nüfuzunu xüsusi qeyd edərək bildirib ki, bu yüksəliş təhsil sahəsində də özünü aydın göstərir, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən modern təhsil islahatları nəticəsində Azərbaycan regionun elm və innovasiya mərkəzinə çevrilməkdədir. Bunun nəticəsidir ki, əcnəbi gənclərin bizim ölkəmizin ali təhsil müəssisələrinə marağı xeyli artmışdır. Professor Əminağa Sadıqov vurğulayıb ki, SDU beynəlxalq əlaqələrini genişləndirir, müasir təhsil proqramlarını tətbiq edir və xarici tələbələr üçün əlverişli tədris və yaşayış şəraiti yaradır. O, həmçinin əcnəbi tələbələrin sosial inteqrasiyası, yataqxana təminatı, eləcə də SDU-nun “Parlaq Gələcək” Təqaüd Proqramı haqqında ətraflı məlumat verib. Səmimi atmosferdə davam edən görüşdə çıxış edən əcnəbi tələbələr Azərbaycanla bağlı təəssüratlarını, SDU-da onlar üçün yaradılmış şəraitlə bağlı fikirlərini, habelə tədris prosesi ilə əlaqədar təkliflərini bölüşüblər. Onlar SDU-da təhsilin səviyyəsindən, yataqxanada onlar üçün yaradılan şəraitdən razı qaldıqlarını deyərək, səmimi görüş üçün təşəkkürlərini bildiriblər.

 

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
Bakı Küçəsi 1, 43-cü məhəllə
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az