“Ali təhsildə müəllimlik bacarıqları” adlı təlim keçirilib
Oktyabrın 17-də Sumqayıt Dövlət Universitetində akademik heyət üçün Tədris Metodik Mərkəzin təşkilatçılığı ilə “Tədris dizaynı, müasir metodlar və effektiv kommunikasiya: Ali təhsildə müəllimlik bacarıqları” mövzusunda təlim xarakterli infosessiya keçirilib. Təlimdə Tədris Metodik Mərkəzin aparıcı mütəxəssisi, təlimçi Aynurə Bağırova çıxış edərək müəllimlərə tədris prosesinin müasir tələblər əsasında effektiv, yaradıcı və nəticəyönümlü şəkildə planlaşdırılması istiqamətində geniş təqdimatla çıxış edib. O, iştirakçılarla birlikdə praktik tapşırıqlar və interaktiv fəaliyyətlər üzərində işləyərək müasir tədris dizaynı prinsiplərinin tətbiqini nümayiş etdirib. İnfosessiya müəllimlərin aktiv iştirakı, qarşılıqlı fikir mübadiləsi və əməkdaşlıq mühitində həyata keçirilib. Təlim zamanı iştirakçılar effektiv kommunikasiya, motivasiyaedici tədris mühiti yaratmaq və tələbəyönümlü təlim strategiyalarının tətbiqi üzrə yeni bilik və bacarıqlar əldə ediblər. Tədbir Tədris Metodik Mərkəzin direktoru, i.ü.f.d. Elnarə Məmmədovanın çıxışı ilə yekunlaşıb. O, müəllimlərin peşəkar inkişafının və müasir tədris metodlarının tətbiqinin ali təhsildə keyfiyyətin yüksəldilməsində mühüm rol oynadığını vurğulayaraq qeyd edib ki, Tədris Metodik Mərkəz tərəfindən təşkil olunan bu kimi tədbirlər universitetdə müəllimlik bacarıqlarının inkişafına və tədris prosesinin təkmilləşdirilməsinə xidmət edir.