Energetiklər Günü münasibətilə SDU-da seminar keçirilib
Oktyabrın 20-də Sumqayıt Dövlət Universitetində Energetiklər Günü münasibətilə “Dayanıqlı inkişafda yaşıl enerji texnologiyalarının innovativ tətbiq üsulları” mövzusunda seminar keçirilib. Seminarı universitetin rektor müşaviri, Energetika kafedrasının professoru Tamella Əhmədova açaraq, rektor v.i.e., AMEA-nın müxbir üzvü, professor Əminağa Sadıqovun adından Energetiklər Günü münasibətilə bu sahədə çalışanları təbrik edib. Vurğulayıb ki, 1981-ci il oktyabrın 20-də Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və birbaşa rəhbərliyi ilə “Azərbaycan” istilik elektrik stansiyasının(İES) birinci enerji bloku istifadəyə verilmiş, bu tarixi hadisə Azərbaycan elektroenergetikasında yeni mərhələnin başlanğıcı kimi böyük əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin 2004-cü il 13 oktyabr tarixli Sərəncamı ilə həmin gün ölkəmizdə rəsmi olaraq Energetiklər Günü kimi qeyd edilməyə başlanıb. Mühəndislik fakültəsinin dekanı, dosent Ulduz Ağayev çıxışında bildirib ki, ölkəmizdə bütün sahələrdə olduğu kimi, energetika sahəsində də Ümummilli Liderin müəyyən etdiyi siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.O, ölkəmizdə neft sektoru ilə yanaşı, qeyri-neft sektorunun inkişafına da xüsusi diqqət verildiyini vurğulayıb. Seminarda “Azərişıq” ASC-nin Tədris və İnnovasiyalar Mərkəzinin "Yaşıl enerji" şöbəsinin müdiri Gülbahar Qasımova respublikamızda energetika sektorunun, xüsusilə də elektrik enerjisi sisteminin inkişafı istiqamətində həyata keçirilən tədbirlər və nailiyyətlər barədə məlumat verib. O, təmsil etdiyi qurumda gerçəkləşən layihələr və qarşıda duran hədəflər barədə də çıxış edib. Enerji sistemə tam inteqrasiya edilməklə məsafədən idarəetməyə imkan verən mərkəzləşdirilmiş SCADA sistemi və digər pilot layihələrdən danışıb. Bildirib ki, aparılan islahatların uğurlu nəticəsidir ki, bu gün Azərbaycan nəinki elektrik enerjisinə olan ölkə daxili tələbatını ödəyir, hətta regionda etibarlı elektrik enerjisi ixracatçısına çevrilib. Azərbaycanın enerji siyasətində yaşıl texnologiyalara və innovativ yanaşmalara üstünlük verilməsi, ölkəmizin qlobal enerji xəritəsində strateji mövqeyini daha da möhkəmləndirir. O, həmçinin qeyd edib ki, Prezident İlham Əliyev tərəfindən Qarabağ və Şərqi Zəngəzur “yaşıl enerji” zonası elan olunub. Bu bölgələrdə “ağıllı şəhər” və “ağıllı kənd” kimi innovativ yanaşmalar tətbiq olunur, ekosistem bərpa edilir. Nəticədə, bu strateji addımlar həm milli, həm də beynəlxalq səviyyədə Azərbaycanın yaşıl enerji və ekoloji dayanıqlılıq sahəsində mövqeyini gücləndirir. Azad edilmiş torpaqlarda günəş, külək və hidroenerji potensialı böyükdür. Məqsəd yaşıl enerji zonalarının sayını artırmaq və dayanıqlı inkişafa nail olmaqdır. Tədbir çərçivəsində ətraf mühitin qorunması, enerji təhlükəsizliyi və bərpa olunan enerji texnologiyalarının sosial-iqtisadi təsirləri ilə bağlı geniş müzakirə aparılıb. Daha sonra Mühəndislik fakültəsinin IV kurs tələbəsi Gülzarə Hüseynova Energetika Gününə həsr olunmuş təqdimatla çıxış edib.